Aprelin 22-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasında görkəmli oftalmoloq alim, AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın doğum gününə (28 aprel 1923) həsr olunmuş tədbir keçirildi.
   
   «Azərsun Holdinq» şirkəti və Dövlət Uşaq Filarmoniyasının birgə hazırladığı tədbirdə psixonevroloji uşaq evləri, 3 saylı uşaq evi, daun sindromlu xəstə uşaqlar assosiasiyası və «Təbəssüm» evinin uşaqları bir araya gəldi. Daim aztəminatlı ailələrə, internat və uşaq evlərinə diqqət göstərən «Azərsun Holdinq» şirkəti idarə heyətinin sədri Abdulbari Goozal böyük alim, həkim və ziyalı Zərifə xanım Əliyevanın doğum gününün belə xeyriyyə tədbiri ilə qeyd olunmasının məntiqi məna daşıdığını vurğuladı. Qeyd olundu ki, “Azərsun Holdinq” vəqfi uşaq evlərində xəstə uşaqların əməliyyat olunmalarına yardım edir, əlil, qaçqın və köçkün uşaqlarına qayğı göstərir, onların sərgisi, uşaq evlərində konsertləri təşkil olunur.
   Tədbirdə təqdim olunan konsert başa çatandan sonra uşaqlar üçün şirniyyat süfrəsi açıldı. Balaca istedadlara hədiyyə paketləri təqdim olundu.
   Filarmoniyanın direktoru Fərəh Şəkinskaya onlara göstərilən diqqətə görə təşəkkür edərək, belə tədbirlərin davamlı olacağını bildirdi.