Bakıda və Naxçıvanda amerikalı mütəxəssislərin iştirakı ilə seminar-treninqlər keçirilib
   
   ABŞ-ın Smitsonian İnstitutunun Asiya Mədəniyyət Tarixi Muzeyinin direktoru, Antropologiya şöbəsinin Asiya, Avropa və Orta Şərq Etnologiyası üzrə kuratoru Dr. Pol Maykl Teylor və onun üç həmkarı Azərbaycanda səfərdə olub.
   
   Amerikalı mütəxəssislər Muzey Mərkəzində Bakı şəhərində və regionlarda yerləşən muzeylərin rəhbərləri və əməkdaşları üçün seminar-treninq keçiblər. ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə gerçəkləşən tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, Muzey işi sektorunun məsul işçiləri, ABŞ səfirliyinin əməkdaşları iştirak ediblər.
   Seminar-treninqdə müasir Amerika muzeylərinin fəaliyyəti, müasir menecment, muzey toplularının qorunması, muzey işçiləri arasında əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq təcrübənin yerlərdə tətbiqi, açıq kommunikasiya sahəsinin formalaşması, mədəni turizmin inkişafı və s. mövzularda çıxışlar dinlənilib. Tədbir iştirakçılarına Smitsonian İnstitutunun sertifikatları təqdim edilib.
   Naxçıvana səfər edən mütəxəssislər burada fəaliyyət göstərən muzeylərin rəhbərlərinin iştirakı ilə treninqlər təşkil ediblər. Nümayəndələr Naxçıvanda bir sıra muzey və qoruqlarla, habelə Naxçıvanda Pensilvaniya Universitetinin arxeoloqlarının apardıqları qazıntı ərazisi ilə də tanış olublar.
   Onlar həmçinin Bakıda Milli İncəsənət Muzeyində, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində, “Atəşgah” məbədində, İçərişəhər qoruğunda olublar, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin ekspozisiyasına baxıblar.
   Qonaqlar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən qəbul ediliblər.