Beynəlxalq konfransda urbanizasiya proseslərinin şəhərlərin tarixi simasına təsiri müzakirə olundu
   
   Aprelin 25-29-da Bakı “Təzyiq altında irs - şəhərlərin tarixi landşaftlarının perspektivləri” adlı beynəlxalq konfransa ev sahibliyi etdi. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin, UNESCO-nun Dünya İrs Mərkəzinin (WHC) məşvərətçi orqanları olan Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM), Abidələr və Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS), həmçinin Azərbaycan Memarlıq və İnşaat Universiteti, İtaliyanın Romualdo Del Bianko Fondunun birgə tərəfdaşlığı ilə gerçəkləşdi.
   
   Dünyanın 30-dan çox ölkəsindən mədəni irsin mühafizəsi və inkişafı sahəsində nüfuzlu elm adamları və ekspertlərin qatıldığı konfrans çərçivəsində mövzuya dair seminar (“Mədəni irs - davamlı sosial inkişafın əsası”) və bir sıra görüşlər də keçirildi.
   Tədbir iştirakçıları Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında zəbt edilmiş, dağıdılmış mədəni irs nümunələrimizlə bağlı fotosərgi ilə də tanış oldular. Sərgidə işğal altında olan tarixi abidələrin indiki vəziyyətini əks etdirən və yeni əldə olunmuş fotoşəkillər də nümayiş olunurdu.
   
   * * *
   Martın 27-də “Excelsior Bakı” hotelində konfrans işə başladı. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbiri açaraq bildirdi ki, Bakı konfransı tarixi şəhərlərin, xüsusilə də UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş, eləcə də dünya irs obyektlərinin yerləşdiyi şəhərlərin landşaftının inkişaf meyillərini, həmçinin urbanizasiyasının şəhərlərin tarixən formalaşmış simasına təsirlərini araşdırmağa çalışacaq: “Elə bu səbəbdən Bakının konfransa ev sahibliyi etməsi heç də təsadüfi deyil. Çünki Bakı təkcə Qafqaz və Xəzər regionunun deyil, eyni zamanda dünyanın ən qədim və ən sürətlə, dinamik inkişaf edən şəhərlərindəndir. Qərblə Şərq arasında körpü rolunu oynayan Bakı daim mədəni sivilizasiyanın episentri olub”.
   Urbanizasiyanın insanların sosial-iqtisadi fəaliyyəti ilə bağlı olaraq inkişaf etdiyini deyən nazir, onun qarşısının alınmasının son dərəcə mürəkkəb bir proses olduğunu qeyd etdi: “Urbanizasiyanın nəticələri bir sıra sahələrə təsir edir. Bakı konfransının əsas vəzifələrindən biri bu prosesin mədəni irsə mənfi təsirinin neytrallaşdırılması və yaxud da azaldılması istiqamətində tövsiyə xarakterli fikirləri ortaya qoymaqdır. Bu məsələlər UNESCO-nun Dünya İrs Obyektlərinin yerləşdiyi bütün şəhərlər üçün aktualdır”.
   Nazir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində xalqımızın uzun tarixi dövr ərzində yaratdığı zəngin memarlıq irsi nümunələrinin, bəşəriyyətin arxeoloji yadigarlarının zəbt olunması faktını da konfrans iştirakçılarının diqqətinə çatdırdı: “Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən yeddi rayonunda Ermənistanın təcavüzü nəticəsində ümumilikdə 699 tarix-mədəniyyət abidəsi zəbt edilib, 4366 sosial-mədəni obyekt dağıdılıb. Bu abidələrin böyük bir qisminin tamamilə məhv edilməsi və yararsız vəziyyətə salınması ilə bağlı əlimizdə maddi sübutlar var. Talan edilmiş muzeylərimizdən 40 mindən artıq qiymətli əşya və nadir eksponat oğurlanıb, bir hissəsi isə qaçaqmalçılıq yolu ilə xarici ölkələrə satılıb. Uzun tarixi dövr ərzində hazırkı Azərbaycan dövləti ərazisində mövcud olmuş Qafqaz Albaniyasının yadigarı olan kilsə və məbədlər erməniləşdirilir. Məhz Qafqaz Albaniyasına məxsus olan memarlıq üslubu məhv edilir və ya saxtalaşdırılır».
   Konfrans çərçivəsində nümayiş etdirilən fotosərgidən bəhs edən Ə.Qarayev burada Ermənistanın işğalını əks etdirən sübutların yalnız kiçik hissəsinin təqdim olunduğunu bildirdi: “Amma bu fotoşəkillərdən də işğalın miqyasını, bəşəri irsin nə dərəcədə təzyiq altında olduğunu təxmin etmək mümkündür. Hətta bütün bunlar azmış kimi, dünyada qəbul edilmiş bütün etik və dini dözümlülük normalarına zidd olaraq erməni işğalçı qüvvələri tərəfindən zəbt olunmuş ərazilərdə müsəlmanların müqəddəs inanc yerləri, məscid binaları təhqir olunur. Bütün bunlar dünyada dinlərin, mədəniyyətlərin və sivilizasiyaların bir-birilərinə etimadının azalmasına, fundamentalizm və radikalizm meyillərinin artmasına şərait yaradan incə məqamlardır. Təbiidir ki, bu cür hallar Ermənistanın hazırkı hökumətinin siyasətinin bariz təcəssümüdür. Halbuki Azərbaycan hökuməti hər bir xalqın dini və mənəvi inanclarına hörmət bəsləyir. Dövlətimiz Ermənistan ilə müharibə vəziyyətində olmasına baxmayaraq, Bakının mərkəzində yerləşən Qriqorian kilsəsinin mühafizəsini ən yüksək şəkildə təmin edir. Bundan əlavə, biz dünyada sivilizasiyaların və mədəniyyətlərin bir-birilərini daha da aydın şəkildə anlaması üçün Bakını qlobal dialoq məkanına çevirmək təşəbbüsünü irəli sürmüşük və bu təşəbbüsə beynəlxalq təşkilatlar da dəstək verir”. 
 

  
   * * *
   Tədbirdə çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova Bakı konfransının əhəmiyyətini yüksək dəyərləndirdi: «Mən çox şadam ki, bu konfransı keçirmək üçün İCOMOS məhz Bakı şəhərini seçib. Çünki həm Azərbaycan, həm də onun paytaxtı Bakı abidələrlə çox zəngindir. Bu abidələr bəşəriyyətin bütün dövrlərini əhatə edir. Ölkəmizdə eradan əvvəl beşinci minilliyə aid yaşayış məskənləri, arxeoloji abidələr var. Dövlətimiz abidələrin qorunması, bərpası və istifadəsi üçün çox işlər görür». Natiq işğal altında olan abidələrimizdən də bəhs edərək bildirdi ki, onların məhv edilməsi eyni zamanda dünyanın tarixi-mədəni irsinin hədəf alınması deməkdir.
   “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov çıxış edərək bildirdi ki, hər hansı bir ərazidə mədəni abidələrin qorunaraq saxlanması xalqlar arasında müsbət münasibətlərin davamlı inkişafına təkan verən amillərdəndir.
   İCCROM-un baş direktoru Stefano de Karo isə öz çıxışında Azərbaycanda mədəni irsin qorunması sahəsində görülən işlərə toxundu və qeyd etdi ki, bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mühüm xidmətləri var: «Heydər Əliyev Fondu dünyanın bir çox ölkələrində layihələr reallaşdırır. Belə nəcib və həssas addımlar həmin ölkələrdə yaşayan xalqların mədəni həyatının inkişafına mühüm təsir göstərəcək. Bir ölkənin başqa bir xalqa yardım etməsini yüksək qiymətləndirirəm”. Sonra o, şəhər landşaftından bəhs etdi və bildirdi ki, şəhər arxeologiyası elə bir strateji sahədir ki, təkcə abidələrin, binaların toplandığı yer kimi deyil, həm də kompleks bir şəhər landşaftı kimi başa düşülməlidir: “İri şəhərlərdə müxtəlif mədəniyyətlərin qarışması üçün imkanları varsa, bu şəhərlər arasında gözəl əlaqələri möhkəmləndirir. Ona görə də şəhərlərin çox zəngin arxeoloji tarixini öyrəndikdə öz tariximizi zənginləşdirmiş oluruq».
   Tədbirdə çıxış edən İCOMOS-un prezidenti Qustavo Aravoz konfransın yüksək səviyyədə təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi: «Azərbaycanın böyük mədəniyyəti ilə tanış olduqda çox təsirləndim. Bizə bu imkan yaradıldığına görə öz təşəkkürümü bildirirəm. Biz İCOMOS təşkilatı olaraq Azərbaycanla sıx əməkdaşlıqda maraqlıyıq və inanırıq ki, gələcəkdə münasibətlərimiz daha da intensivləşəcək. Bakıda olduğum müddətdə Qala arxeoloji muzeyində, Qobustan tarixi qoruğunda olduq və onun zənginliyi bizi valeh etdi”.
   Qustavo Aravoz Bakıda tarixi-mədəni irsə bağlı aparılan konservasiya işlərinə də toxundu və bu işləri bəyəndiyini bildirdi: “Əsas odur ki, insanların beyinlərində tarixi və mədəni irs haqqında məlumatlar yoxa çıxmasın. Doğrudur, indi bütün şəhərlər müasirləşir. Dünyanın sürətlə inkişafına baxmayaraq, bizə miras kimi qalan tarix və mədəniyyətin qorunub saxlanması hamımızı narahat etməlidir. Bu baxımdan inanırıq ki, konfransda aparılan müzakirələr faydalı olacaq”.
   Tədbirdə Romualdo Del Bianko Fondunun prezidenti Paolo del Bianko, İCOMOS-mühafizə və bərpanın nəzəriyyə və fəlsəfəsi beynəlxalq elmi komitəsinin sədri Vilferd Liipp tədbirin əhəmiyyətindən danışaraq konfransın işinə uğurlar arzuladılar.
   
   Sessiyalarda müzakirələr
   
   Sonra konfrans işini müxtəlif mövzular ətrafında sessiyalarla davam etdirdi.
   «Tarixi landşaftların perspektivləri - yeni vasitələr» sessiyasında Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova “Qarabağ memarlığı: müharibə və irs” adlı məruzə ilə çıxış etdi. Alim Qarabağ ərazisindəki qədim Alban abidələrindən bəhs edərək, onların daim ermənilər tərəfindən mənimsənildiyini bildirdi. Məruzəçi işğala məruz qalan Azərbaycan torpaqlarında İslam abidələrinin, məscid və türbələrin dağıdıldığını diqqətə çatdırdı: «Ona görə də mən beynəlxalq təşkilatları fəal hərəkətə keçməyə çağırıram. Bu abidələrdə beynəlxalq monitorinq aparmaq lazımdır».
   Avstriyalı qonaq Maykl Falser «100 illik tarixi şəhər landşaftlarına yenidən baxış, 1990-cı ilin «Altstands»indən - 2005-ci ilin Vyana Memorandumuna qədər» adlı məruzəsində şəhərlərin konservasiyasında keçmişlə müasirliyin birləşməsindən söz açdı. Smiz Culian, Maykl Törner və digər məruzəçilər şəhər landşaftının müxtəlif tərəflərinə toxundular, mövzu ətrafında diskussiya aparıldı.
   «Risklərin idarəedilməsi» mövzulu ikinci sessiyada Çexiya, Avstriya, İsrail və Kiprdən olan mütəxəssislər tarixi şəhər konsepsiyası, tarix şəhər əraziləri, müasir şəhər konsepsiyasının problemlərindən bəhs etdilər.
   Aprelin 28-də konfrans işini sessiyalarla davam etdirdi. «Təzyiqlə üz-üzə» adlı sessiyada Samir Nuriyevin «İçərişəhər - yaşayan tarix. Balanslaşdırılmış bərpa və inkişaf» adlı məruzəsi dinlənildi. Məruzədə son illər İçərişəhərin bərpasından, yeni layihələrin reallaşdırılmasından bəhs edildi. Qalina Pitçnikova «Rusiyanın tarixi şəhərlərinin özəklərində yeni əsrin dayaqları» adlı məruzəsi, Kanada və Hindistandan olan mütəxəssislərin məruzələri də maraqla qarşılandı.
   «Dünyaya baxış» adlı dördüncü sessiyada isə İtaliya, Bosniya və Hersoqovina, Braziliya və Polşadan olan mütəxəssislərin məruzələri dinlənildi. Bununla da konfrans işini başa çatdırdı.
   
   Mehparə