Ümummilli lider Heydər Əliyevə həsr edilmiş sənədli film nümayiş olundu
   
   Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə kinorejissor Vaqif Mustafayevin ulu öndərə həsr edilmiş “Əsl məhəbbət haqqında” sənədli filminin təqdimatı keçirilib.   

  Tədbirdə çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov ümummilli lider Heydər Əliyevin dövlətçilik irsini Azərbaycan xalqının milli sərvəti kimi qiymətləndirib, ulu öndərin zəngin dövlətçilik təcrübəsinin öyrənilməsinin zəruriliyini, onun həyat və fəaliyyətinin tədqiq olunmasının böyük əhəmiyyət daşıdığını qeyd edib. Rektor Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Avrasiya Televiziya və Radio Akademiyasının birinci vitse-prezidenti, kinorejissor Vaqif Mustafayevin Azərbaycanda kino sənətinin inkişafındakı xidmətlərindən söz açaraq ümummilli liderdən bəhs edən sənədli filmin tərbiyəvi əhəmiyyətini vurğulayıb. Vaqif Mustafayevin ssenari müəllifi və rejissoru olduğu bir çox filmlərin, xüsusilə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə əlaqədar çəkdiyi silsilə sənədli filmlərin böyük maraqla qarşılandığını bildirib. Belə tədbirlərin gənclərdə dövlətçilik təfəkkürünün formalaşmasına müsbət təsir etdiyi vurğulanıb.
   Vaqif Mustafayev Dövlət İdarəçilik Akademiyasında ilk dəfə nümayiş olunacaq sənədli filmin yaranma tarixindən danışıb, ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini söyləyib və filmdə ulu öndərin öz səsinin lentə alınmasını nadir sənət əsəri kimi səciyyələndirib. Ölkəmizdə mədəniyyətin inkişafına, kino sahəsinə göstərilən dövlət qayğısından danışan rejissor gəncləri maraqlandıran sualları cavablandırıb.
   Sonra Vaqif Mustafayevin ulu öndərə həsr edilən filmi nümayiş olunub.