“Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin başlanmasına bir neçə gün qalıb. İlin ən böyük musiqi bayramının çoxsaylı qonaqları üçün paytaxt muzeyləri də müxtəlif tədbirlər hazırlayıblar.
   
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Muzey işi sektorunun aparıcı məsləhətçisi Mehin Vahabova bildirib ki, mahnı müsabiqəsi zamanı xarici qonaqlara və turistlərə Azərbaycanın tarixi və mədəni irsi, zəngin mədəniyyəti və digər sahələr haqqında məlumatların çatdırılması məqsədilə muzeylərdə mayın 15-dən 30-dək iş vaxtı saat 20.00-dək, yarımfinal və final günlərində isə (22, 24, 26 may) 24.00-dək artırılıb. Yarışmanın keçirildiyi günlərdə müxtəlif muzeylərdə tematik sərgilərin təşkili də nəzərdə tutulur.
   Azərbaycan İstiqlal Muzeyində “Eurovision-2012” qədim odlar diyarında” adlı sərgidə gənc rəssamların müxtəlif janrlarda çəkdikləri əsərlər nümayiş olunacaq. Beynəlxalq mahnı müsabiqəsində muzeyə gələn ziyarətçilər həm sərgi, həm də istiqlal tariximizi təbliğ edən zəngin eksponatlarla tanış ola biləcəklər.
   Müsabiqənin ilk yarımfinal günü - mayın 22-də Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində maraqlı sərgi-yarmarka təşkil olunacaq. Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Ukrayna sənətkarlarının da iştirak edəcəyi yarmarkada dekorativ-tətbiqi sənət əsərlərinin nümayişi ilə yanaşı, satışı da həyata keçiriləcək. “Bir ocaqda parlayar min ürəyin işığı” adlı sərgi-yarmarka mayın 26-dək davam edəcək.
   Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində isə ziyarətçilər üçün teatr rəssamlarımızın tamaşalara çəkdikləri eskizlərdən ibarət sərgi hazırlanıb. Muzeyə gələnlər burada teatr səhnələrindən müxtəlif anları əks etdirən kollajla da tanış ola biləcəklər.
   Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən isə bildiriblər ki, mayın 15-dən 30-dək muzeylərdə olduğu kimi, paytaxtdakı qoruq və mədəniyyət mərkəzlərində də iş saatları artırılıb. Mayın 21-dən 27-dək Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi Filarmoniya bağında “Musiqi və xalq sənəti həftəsi” adlı xalq və estrada musiqisi ifaçılarının konsertləri və əl işlərindən ibarət sərgilər təşkil ediləcək. Hər gün səhər saat 11.00-dan başlayaraq 21.00-a qədər davam edəcək sərgilərdə dekorativ-tətbiqi sənət nümunələrindən xalçaçılıq, toxunma qrafika, ağac, metal, daş üzərində oyma, dulusçuluq, bədii tikmə, mil və qarmaqla toxuma üzrə xalq sənətkarlığı nümunələri nümayiş olunacaq. Sərgilərlə yanaşı, hər gün axşam saat 18.00-da Bakı sakinləri və şəhərimizin qonaqları üçün konsertlər də təşkil olunacaq. Konsertlərdə xalq mahnıları, klassik və caz, estrada musiqiləri səsləndiriləcək, Azərbaycan milli və dünya xalqlarının rəqsləri ifa olunacaq, müxtəlif ansamblların ifasında maraqlı musiqi nömrələri təqdim ediləcək.
   "Eurovision-2012" müsabiqəsi ərəfəsində "İçərişəhərdə "Ask me" (Məndən soruş) adlı layihəyə start veriləcək. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildiriblər ki, layihəyə əsasən, yerli və xarici könüllülər İçərişəhər ərazisində üzərində "Ask me" (Məndən soruş) yazılmış köynəklərdə gəzəcək və turistləri lazımi informasiya ilə təmin edəcək, onlara bukletlər və təbliğat materialları paylayacaqlar. Ərazidə turistlərə informasiya və ekskursiyalar haqqında məlumat verilməsi üçün 3 ədəd yeni informasiya köşkü də quraşdırılıb.
   Qoruq İdarəsinin tabeliyində olan muzeylərin bələdçiləri üçün vahid geyim formaları hazırlanıb və muzey işçilərinə turistlərin qarşılanması və davranış qaydalarına dair seminarlar keçirilib.
   
   Ceyhun