Mayın 22-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Muzeylər gecəsi” ilə əlaqədar tədbir keçirildi. Tədbiri muzeyin direktor müavini Təranə Qurbanova açaraq bildirdi ki, may ayı ənənəvi olaraq mədəniyyət işçiləri üçün bir sıra əlamətdar günlərlə yadda qalır. Bir neçə ildir ki, muzey işçiləri 18 mayda peşə bayramlarını - Beynəlxalq Muzeylər Gününü qeyd edir, artıq bu sıraya “Muzeylər gecəsi” aksiyası da əlavə olunub: “Biz də bu günləri maraqlı tədbirlərlə qeyd etməyə çalışırıq. Təşkil etdiyimiz musiqili gecələr rəngarəng olur. Budəfəki tədbirimizi “Fortepiano musiqisi axşamı” adlandırmışıq. İnanıram ki, bu konsert proqramı sizə unudulmaz hisslər bəxş edəcək”.
   Sonra söz musiqiyə verildi. Respublikamızda bir ilk olan “Sehrli simlər” adlı klassik gitara ansamblının gənc üzvlərinin çıxışı alqışlarla qarşılandı. Ansambla rəhbərlik edən Elmar Sultanov maraqlı proqram hazırlamışdı. Ansamblın ifasında F.Əmirov, E.Sabitoğlu, Con Lennon, Pol Makkartni, Paul Mauriat və b. əsərlərindən səslənən notlar muzeyin divarları arasından süzülərək tamaşaçıların qəlbində həzin nostalji hisslər yaratdı. Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasında Q.Qarayev, F.Şopen, F.List, Y.Haydn, İ.S.Baxın fortepiano əsərləri də ziyarətçilərə böyük zövq verdi. 

   Lalə Azəri