Mayın 30-da İstanbulda başlayan və iyunun 14-dək müxtəlif şəhərlərdə davam edəcək sayca 10-cu Beynəlxalq Türk Dili Olimpiadasında Azərbaycan uğurla təmsil olunur.
   
   Türk dilini tanıtmaq, dünyanın müxtəlif ölkələrinin mədəniyyətlərini bir araya gətirmək məqsədi daşıyan olimpiadaya 135 ölkədən 1500 məktəbli qatılıb. İştirakçılar inşa, qrammatika, nitq, xalq rəqsləri, şeir, rəsm, tamaşa, musiqi, dünyagörüşü daxil olmaqla 14 kateqoriyada çıxış edirlər. Azərbaycanı bu olimpiadada təmsil edən 65 məktəbli də xüsusi fəallığı ilə seçilir.
   Olimpiada çərçivəsində İstanbul Sərgi Mərkəzində yaradılmış pavilyonlarda iştirakçı ölkələrin mədəniyyətlərini, tarixi abidələrini, turizm obyektlərini, milli mətbəxini əks etdirən eksponatlar nümayiş olunub. Eksponatlarının zənginliyi ilə fərqlənən Azərbaycan pavilyonunda nümayiş olunan ölkəmizin tarixi abidələri olan Qız qalasının, Mömünə Xatun türbəsinin, Nizaminin məqbərəsinin, Şirvanşahlar sarayının, İçərişəhərin, Şəki Xan Sarayının maketləri, eləcə də xalqımızın mədəniyyətini, adət-ənənələrini əks etdirən müxtəlif məişət əşyaları, musiqi alətləri, milli geyim nümunələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Ziyarətçilərə milli şirniyyatımız, üçrəngli bayrağımız, ölkəmiz haqqında məlumatları əks etdirən bukletlər və disklər paylanıb. Olimpiadanın 4-cü günü İstanbul Sərgi Mərkəzində Azərbaycana həsr olunan konsert proqramı da maraqla qarşılanıb.
   Olimpiada çərçivəsində keçirilən “Mahnının ulduzu” müsabiqəsində “Könül yarası” mahnısını ifa etmiş Azərbaycan təmsilçisi Səma Sultanova 2-ci yeri tutub. Xatırladaq ki, S.Sultanova bu yaxınlarda “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Beynəlxalq Uşaq Muğam Festivalının baş mükafatını (“Qran pri”) qazanmışdı.
   Olimpiada çərçivəsində müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqələrin qalibləri iyunun 9-da mükafatlandırılacaqlar. İyunun 14-də isə olimpiadanın rəsmi bağlanış mərasimi olacaq.