Mədəniyyət və turizm naziri “Mədəniyyət sosial dəyişikliyin elçisidir” adlı sessiyada çıxış edib
   
   İyunun 5-6-da Türkiyənin İstanbul şəhərində 70 ölkədən 1100 siyasət, biznes, mədəniyyət və media liderlərinin iştirakı ilə Yaxın Şərq, Şimali Afrika və Avrasiya üzrə Dünya İqtisadi Forumu keçirilib. Azərbaycan nümayəndə heyəti forumda iştirak edib.
   
   1971-ci ildə Cenevrədə təsis edilmiş Dünya İqtisadi Forumunun 42 illik tarixində ilk dəfədir ki, Yaxın Şərq, Şimali Afrika və Avrasiya regionuna həsr edilmiş xüsusi forum keçirilir. Tədbirdə qlobal iqtisadi proseslər və dünyanın siyasət və biznes liderlərinin təklif etdikləri yeni modellər, enerji və ticarət əməkdaşlığının perspektivləri, Yaxın Şərq və Şimali Afrikada baş verən proseslərin sosial və iqtisadi nəticələri müzakirə mövzusu olub.
   “Swiss hotel”də keçirilən tədbirin açılışında Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvab və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ədoğan çıxış ediblər.
   Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev forum çərçivəsində keçirilən “Mədəniyyət sosial dəyişikliyin elçisidir” adlı sessiyada çıxış edib. Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında 2011-ci il aprelin 7-9-da Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Dünyanın 102 ölkəsindən 500 nümayəndənin iştirak etdiyi bu mötəbər tədbirdə forumun hər iki ildən bir Bakıda keçirilməsi qərara alınıb. Dünya İqtisadi Forumunun iştirakçılarını 2013-cü ildə ölkəmizdə keçiriləcək növbəti foruma dəvət edən nazir əlavə etmişdir ki, mədəni irsimizin tanıdılması, habelə digər mədəniyyətlərlə inteqrasiya Azərbaycanın dövlət siyasətidir. Bu məqsədlə dünyanın bir çox ölkələrindəki diplomatik nümayəndəliklərimizdə mədəniyyət təmsilçilikləri açılıb.
   Türkiyənin tanınmış yazıçısı Elif Şafak, azərbaycanlı mənşəli məşhur müğənni Sami Yusuf da bu sessiyada çıxış ediblər.
   “Yeni enerji dəhlizləri” sessiyasında çıxış edən sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, bu məsələ bütün dünya üçün mühümdür. Azərbaycan 4 qaz kəmərinə malikdir və Türkiyə digər ölkələrlə birgə enerji layihələri həyata keçirmişdir. Enerji dəhlizlərinin şaxələndirilməsi hasilatçı, tədarükçü və tranzit ölkələr üçün eyni dərəcədə sərfəlidir.
   Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız da Azərbaycan, Türkiyə və Gürcüstanın birgə həyata keçirdikləri enerji layihələri, gələcəkdə çəkiləcək boru kəmərlərindən bəhs edib.
   Forumun digər sessiyasında çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, həyata keçirilən yeni layihələr və bu sahədə beynəlxalq əməkdaşlıqdan bəhs edib.