Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə mayın 29-dan iyunun 5-dək Fransanın Ron-Alp regionunun Qayar, Tonon və Evian şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri keçirilib.

   Qayar şəhərində start götürən tədbirlər sırasında Azərbaycan mədəniyyətinin nümunələrini əks etdirən sərgi açılıb, musiqi nömrələrimiz və milli mətbəximiz təqdim olunub.
   Sərgi zamanı Azərbaycanın turizm ehtiyatları ilə yanaşı, Şamaxı şəhərinin mədəni irs nümunələri də nümayiş olunub. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən iştirakçılara fransız dilində geniş məlumat verilib. Sərgini Qayar merinin rəhbərliyi altında meriyanın nümayəndələri, ictimaiyyət təmsilçiləri, məktəblilər ziyarət edib.
   Qayar şəhərindəki tədbirlərdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədovun rəhbərlik etdiyi geniş nümayəndə heyəti iştirak edib. Tədbir zamanı Qayar və Şamaxı şəhərləri arasında mədəni əməkdaşlığın genişləndirilməsinə dair Əməkdaşlıq Protokolu imzalanıb.
   Azərbaycan musiqiçiləri Qayar şəhərinin Lui Simon zalında geniş konsert proqramı təqdim ediblər. Konsertdən sonra Azərbaycan mətbəxinin nümunələri tədbir iştirakçılarına təqdim olunub, mədəni irsimizə və ölkəmizin turizm ehtiyatlarına dair broşürlər paylanıb.
   Mədəniyyət günləri Tonon və Evian şəhərlərində də davam etdirilib. Tamaşaçılara rəngarəng Azərbaycan musiqisi təqdim olunub. Hər iki tədbirdə yüksək məharət nümayiş etdirən musiqiçilərimiz tamaşaçıların böyük rəğbətini qazanıblar.
   Bu tədbirlərdə hər iki şəhərin meriyasının nümayəndələri və Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Azərbaycan mədəniyyəti haqqında geniş məlumat veriblər. Ron-Alp regionunda keçirilən bu tədbirlər yerli mətbuat tərəfindən geniş işıqlandırılıb.