“Qardaş xalqlarımızın mədəniyyətlərinin mübadiləsi olduqca vacibdir. Bizim bir millət olduğumuzu nümayiş etdirməyimiz lazımdır”
   
   İyunun 18-də Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri başlayıb. İki dost, qardaş ölkə arasında mədəni əlaqələrin daha da inkişafına xidmət edən tədbirlərdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə ziyalılar və incəsənət ustalarından ibarət 70 nəfərlik nümayəndə heyəti iştirak edir.
   
   Mədəniyyət günlərinin açılış mərasimi iyunun 18-də Ankaranın “CerModern” incəsənət mərkəzində keçirilib. Türkiyə və Azərbaycanın mədəniyyət və turizm nazirləri Ərtoğrul Günay və Əbülfəs Qarayev tədbir çərçivəsində təşkil olunmuş xalq sənəti sərgisinin açılışını bildirən qırmızı lenti kəsiblər.
   Mərasimdə çıxış edən nazir Ərtoğrul Günay qeyd edib ki, Türkiyədə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi əslində bir xalqın musiqi, mədəniyyət inciləri və mədəni irsinin nümayişidir. Çünki Azərbaycan və Türkiyə xalqları bir milləti təmsil edirlər. Türkiyədə qardaş Azərbaycanın zəngin mədəniyyəti çox yaxşı tanınır və sevilir.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında vurğulayıb ki, bu tədbir iki qardaş ölkənin mədəni əlaqələrinin tarixində yeni bir səhifə açır: “Biz bütün sahələrdə, o cümlədən mədəni əməkdaşlığın gücləndirilməsində göstərdikləri səylərinə görə, ilk növbədə, ölkələrimizin rəhbərlərinə təşəkkürümüzü bildirmək istəyirik. Eyni zamanda, Türkiyə tərəfinə də yüksək təşkilatçılıq və qonaqpərvərlik üçün minnətdarlığımızı bildirir, bu gündən etibarən Azərbaycanda da Türkiyə Mədəniyyəti Günlərinin keçirilməsi üçün hazırlıq işlərinə başlanıldığını bəyan edirik”.
   Açılış mərasimindən sonra Ankaranın Ulus rayonundakı teatrda Azərbaycan incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olunub. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor Xalq artisti Teymur Göyçayev), Dövlət Rəqs Ansamblı (bədii rəhbər Xalq artisti Afaq Məlikova), solistlər - vokalçı, Xalq artisti Samir Cəfərov, gənc vokalçı Aygün Zeynalova, eləcə də muğam ifaçıları, respublika müsabiqələri laureatları Babək Niftəliyev və Arzu Əliyeva, Sahib Paşazadənin rəhbərliyi ilə instrumental ansambl, balaban ifaçısı Şirzad Fətəliyev, müğənni Azərin və beynəlxalq müsabiqələr laureatı Elvin Xoca Qəniyev konsertdə çıxış ediblər.
   Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov və digər rəsmi şəxslər mərasimdə iştirak ediblər.
   
   Mədəniyyət tədbirləri davam edəcək
   
   Həmin gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “TRT-Avaz” telekanalının canlı efirinin qonağı olub. Türkiyədə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin böyük əhəmiyyətini vurğulayan nazir qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən ötən 20 il ərzində iki qardaş ölkə arasında çoxlu sayda mədəniyyət tədbirləri keçirilib. Bu illərdə yüzlərlə Azərbaycan sənətçisi Türkiyədə müxtəlif tədbirlərdə, konsert proqramlarında çıxış edib. Eyni zamanda, türkiyəli sənət adamları Azərbaycanda müxtəlif tədbirlərə qatılıblar. Lakin ilk dəfədir ki, qardaş ölkədə Azərbaycan Mədəniyyəti Günləri belə geniş formatda keçirilir: “Türkiyə tərəfi Azərbaycan Mədəniyyəti Günlərinin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradıb. Buna görə mən əlaqədar şəxslərə və qurumlara təşəkkür edirəm. Ulu öndər Heydər Əliyevin «Bir millət, iki dövlət» sözlərini xatırlamaq çox yerinə düşər. Doğrudan da qardaş xalqlarımızın mədəniyyətlərinin mübadiləsi olduqca vacibdir. Bizim bir millət olduğumuzu nümayiş etdirməyimiz lazımdır. Düşünürəm ki, həm Ankarada, həm İzmirdə keçirilən tədbirlərin əks-sədası çox müsbət olacaq”.
   Nazir mədəniyyət günləri çərçivəsində Ankarada və İzmirdə nəzərdə tutulan tədbirlərdən də danışıb. Qeyd edib ki, Ankarada açılan sərgidə UNESCO-nun Qeyri-maddi-mədəni irs siyahısına daxil olmuş Azərbaycan xalçaçılıq məktəbinin nümunələri ilə yanaşı, Azərbaycan rəssamlarının əsərləri, milli geyim və xalq tətbiqi sənət nümunələrimiz də nümayiş olunur. Nazir sərginin İzmirdə də sənətsevərlərə təqdim olunacağını deyib. Nazir mədəniyyət günləri çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi münasibətilə elmi konfransın keçirilməsinin əhəmiyyətini də vurğulayıb.
   Əbülfəs Qarayev vurğulayıb ki, mədəniyyət günlərinin rəsmi proqramı iyunun 21-də İzmir şəhərində keçirilən mərasimlə başa çatacaq, lakin Türkiyədə Azərbaycan mədəniyyəti və incəsənətini təbliğ edən tədbirlər qarşıdakı günlərdə və həftələrdə də davam edəcək. Nazir bu sırada Türkiyənin bir neçə şəhərində böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr olunmuş tədbirlərin keçiriləcəyini, teatr tamaşalarının nümayiş olunacağını da deyib. Tamaşalar iki ay müddətində Türkiyənin müxtəlif teatrlarında göstəriləcək.
   Bundan əlavə, iyunun 26-da mədəniyyət tədbirlərinin məntiqi davamı olaraq «Aspendus» teatrında Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun “Eşq və ölüm” baleti təqdim olunacaq. “Bu da Azərbaycan mədəniyyətinin bir payıdır. Çoxsaylı tamaşaçılara yeni bir formada Azərbaycan musiqisinin gözəlliyi təqdim olunacaq”, - deyə nazir vurğulayıb.