Xəbər verdiyimiz kimi, iyunun 12-13-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda “Dövlətin inkişafında mədəniyyət siyasətinin rolu” mövzusunda kulturoloqların II beynəlxalq forumu keçirilib. Forumda maraqlı çıxışları ilə yadda qalan əcnəbi qonaqlardan biri də polşalı Monika Kravçuk idi. O, bir neçə ildir ki, Böyük Britaniyada yaşayır, Lids Universitetində beynəlxalq turizm menecerliyi üzrə təhsil alır. Qonaq forumda «Avropa İttifaqına üzv ölkələrdə beynəlxalq mədəniyyət siyasəti» məruzəsi ilə çıxış edirdi. Onunla qısa söhbəti təqdim edirik:
   
   - «Avropa İttifaqına üzv ölkələrdə beynəlxalq mədəniyyət siyasəti» bu günümüz üçün nə dərəcədə aktualdır və nə üçün məhz bu mövzunu seçdiniz?
   - Düşünürəm ki, mədəniyyət siyasəti çox maraqlı mövzudur. Xüsusilə də Avropa İttifaqı ölkələrində bu, böyük əhəmiyyət kəsb edir. Avropa ölkələrinin hər birində qədim dəyərlər, müxtəlif siyasətlər mövcuddur. Ona görə də Avropa İttifaqı tərəfindən mədəniyyət siyasətinin idarə olunması çox vacibdir. Məsələn, biz mədəni dəyərləri bir yerə necə toplayır və ümumi mədəniyyət siyasətini yerinə yetirməyə necə cəhd edirik. Bu, əsas prioritetlərdən biridir. Digər yandan, Avropa İttifaqının bu sahədə təcrübəsindən başqa ölkələr də nümunə götürə bilər. Avropaya inteqrasiya prosesinin mühüm tərkib hissəsini mədəni siyasət təşkil edir. 90-cı illərdə müəyyən olunmuş bir çox məsələlərdə Avropa İttifaqında bu sahənin inkişafı açıqlanmışdı. Sosial müxtəliflik və mədəniyyətlərarası dialoq müxtəlif mədəniyyətlərlə mübadiləyə yol açır.
   - Digər beynəlxalq təşkilatlar mədəniyyət siyasətinə necə maraq göstərir?
   - Düşünürəm ki, müxtəlif təşkilatlar da əsas məqsədlər və müxtəlifliklər üzərində işləyir, onları idarə etməyə çalışırlar. Yəni müxtəlif ölkələrin fərqli mədəniyyətləri bu təşkilatlar üçün maraqlıdır. Mövcud qloballaşma şəraitində bu, xüsusilə böyük maraq kəsb edir. Biz zamanın çağırışını yerinə yetirməliyik. Yəni lokallıqdan qloballaşmaya doğru hərəkatı bacarmalıyıq. Bundan başqa, bizə müxtəlifliyin idarə olunması, inkişaf etmək üçün əməkdaşlıq və birlikdə işləmək lazımdır. Bir sözlə, inkişaf üçün əməkdaşlıq etmək və birlikdə işləmək lazımdır.
   - Bu, Bakıya ilk səfərinizdir?
   - Bəli, bu, Azərbaycana ilk səfərimdir və buradan zəngin təəssüratla ayrılıram. Bakı çox gözəl, müasir şəhərdir. Şəhər gecələr xüsusilə gözəl görünür. Düşünürəm ki, Bakı turizmin, xüsusilə də mədəni turizmin inkişafı üçün böyük potensiala malikdir. Buna görə insanların diqqətini bu şəhərə yönəltməliyik. Çünki Avropa Azərbaycan haqqında hələ də geniş məlumata malik deyildi. Lakin «Eurovision-2012» musiqi yarışması sayəsində minlərlə avropalı Azərbaycan və onun paytaxtı ilə yaxından tanış oldu.
   - Maraqlıdır, Azərbaycan mədəniyyətində sizi əsas cəlb edən nə oldu?
   - Çox şey diqqətimi cəlb etdi. Hər şeydən əvvəl, gözəl hava, dadlı mətbəx, mədəni müxtəliflik. Azərbaycanın mədəni arxitekturası, mədəniyyəti çox maraqlıdır. Və mən bütün bunlardan böyük zövq aldım. Əvvəllər də Britaniyada azərbaycanlılarla görüşmüşəm, amma ölkənizin bu qədər gözəl və maraqlı olduğunu bilmirdim. Ölkəniz bütün aspektlərdən inkişaf etdirilir. Mədəniyyət və turizm də əsas prioritetlərdən biridir. Bir daha deyirəm, Bakı həyatımda gördüyüm ən maraqlı və gözəl şəhərdir. O qədər gözəl şəhərdir ki, hətta dünyanın simvolu olmağa belə layiqdir.
   
   Bəşəriyyətin inkişafında mədəniyyətin rolu danılmazdır
   
   Rusiya Kulturologiya İnstitutunun direktoru Natalya Kruyokva da forumdan böyük təəssürat aldığını dedi:
   - Artıq ikinci dəfədir ki, Bakıda belə bir forumda iştirak edirəm. Birinci forumda iştirakçıların sayı indiki kimi çox deyildi. Bu tədbirdə isə bir çox ölkələrdən alimlər gəlib, müzakirə edilən mövzular da genişdir. Bu, tədbirin böyük potensiala malik olduğunu göstərir. Forumda «Mədəniyyət siyasətində ekspertiza» mövzusunda məruzə ilə çıxış etdim. Forum mövzu zənginliyi və yüksək təşkilatçılığı ilə yadda qaldı.
   Tbilisi Dövlət Universitetinin mədəniyyət üzrə araşdırmalar institutunun direktoru Nino Çekovani isə Kulturoloqların II Beynəlxalq Bakı Forumunu çox aktual və maraqlı tədbir kimi qiymətləndirdi:
   - Tədbir çox vacib olan mədəniyyət siyasətinin problemlərinə həsr olunub. Bəşəriyyətin inkişafında mədəniyyətin rolu danılmazdır. İki gün bu məsələni müzakirə etdik. «Mədəniyyət siyasəti və Gürcüstanda vətəndaş inteqrasiyasının problemləri» mövzusunda çıxışım maraqla qarşılandı. Forumda bir-birindən maraqlı mövzular müzakirə olundu. Biz azərbaycanlı həmkarlarla artıq uzun illərdir ki, bunu edirik. Yaxın gələcəkdə birgə layihələr reallaşdırmaq niyyətindəyik.
   
   Mehparə