İyunun 26-da “ÜNS Yaradıcılıq Səhnəsi”ndə Əməkdar memar, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, Şərq Ölkələri Memarlıq Akademiyasının müxbir üzvü Rəna Əfəndizadənin “Azərbaycan memarlığı XIX əsrin sonu - XXI əsrin əvvəlləri” kitabının təqdimat mərasimi keçirildi.
   
   Mərasimdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak edirdi. Əvvəlcə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, sənətşünaslıq doktoru, professor Ərtegin Salamzadə çıxış edərək müəllifin əsərinin bu günümüz üçün aktuallığını diqqətə çatdırdı.
   Sonra söz müəllifə verildi. R.Əfəndizadə qonaqlara kitabın ərsəyə gəlməsi barədə ətraflı məlumat verdi, onun işıq üzü görməsində köməklik göstərənlərə təşəkkürünü bildirdi: «Bunun necə ciddi və məsuliyyətli bir iş olduğunu bilirdim. Sevinirəm ki, işin öhdəsindən gələ bildim. Müasir dövrdə yaşayıb işləyərək əvvəlki dövr memarlığı haqqında yazmaq çətindir. İşin gedişində bir sıra memarlarla sıx əlaqə qurdum. Onlarla söhbət çox maraqlı idi və mənə çox bilgilər verdi. Son illər Bakıda çoxlu binalar tikilir və kitabı yazdığım müddətdə bütün bu obyektlərə də getdim».
   Azərbaycan, ingilis və rus dillərində çap edilmiş “Azərbaycan memarlığı XIX əsrin sonu - XXI əsrin əvvəlləri” kitabının beşillik zəhmətinin bəhrəsi olduğunu deyən Rəna xanım, bu əsərin memarlıq və sənətşünaslıq sahəsi üzrə mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu diqqətə çatdırdı.
   Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru Gülçöhrə Məmmədova isə öz çıxışında “Azərbaycan memarlığı XIX əsrin sonu - XXI əsrin əvvəlləri” kitabının bölmələrini ətraflı şərh etdi: «Beş bölmədən ibarət bu dəyərli tədqiqat əsərində 1880-ci ildən 2011-ci ilədək olan tarixi dövr əhatə olunub. Kitabda Azərbaycan memarlığının inkişafı, onun yeniləşməsi, müasir dünya memarlığına qovuşması, həmçinin bu sahədə yorulmadan fəaliyyət göstərən fədakar insanlar haqqında da ətraflı söhbət açılır».
   G.Məmmədova nəşrdə Bakıda və respublikamızın digər şəhərlərində ucaldılan, memarlıq baxımından daha əhəmiyyətli və maraq doğuran bina və komplekslərin də nəzərdən keçirildiyini bildirdi. Burada idman və mədəniyyət tikililərinin memarlığına, turistik zonaların, otellərin tikintisinə, həmçinin Bakıda park və bağların salınmasına, abidələrin bərpasına dair məsələlərə xüsusi diqqət yetirildiyini vurğuladı.
   Nəşrin digər məziyyətlərindən danışan tanınmış memar Elbəy Qasımzadə isə onun ən böyük üstünlüyü kimi sadə dildə yazılmasını qeyd etdi: «Bu nəşr doktorluq səviyyəsində olan bir kitabdır. Azərbaycan memarlığının inkişaf təcrübəsi ilk dəfə bu tədqiqat əsərində çoxlu sayda çertyoj və rəngli fotoşəkillər əsasında oxucuya çatdırılır».
   “Şərq-Qərb” mətbəəsində çap edilmiş 492 səhifəlik dəyərli tədqiqat əsəri olduğunu vurğulayan natiqlər bir çox dəyərli monoqrafiyaların müəllifi kimi tanınan R.Əfəndizadənin yeni əsərini yüksək qiymətləndirdilər. Mərasim konsert proqramı ilə davam etdirildi.
   
   Mehparə