Başqırdıstanın Ufa şəhərində türkdilli ölkələrin teatr festivalı da keçirilib
   
   Xəbər verdiyimiz kimi, Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində TÜRKSOY-a üzv dövlətlərin Mədəniyyət Nazirləri Daimi Şurasının 30-cu iclası keçirilib. Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev iclasda iştirak etmək məqsədilə sentyabrın 6-8-də Başqırdıstanda səfərdə olub.
   
   Səfər çərçivəsində Vaqif Əliyev 6 sentyabr tarixində Başqırdıstan Dövlət Pedaqoji Universitetində TÜRKSOY kafedrasının açılışında iştirak edib. Kafedranın açılışı haqqında şəhadətnamə, təşkilatın bayrağı, quruma üzv və müşahidəçi qismində daxil olan dövlətlərin bayraqları rektor Rail Asadullinə təqdim edilib. Mərasimdə TÜRKSOY-un baş katibi Düsen Kaseinova universitetin fəxri professoru diplomu təqdim olunub.
   Həmin gün Ufanın Salavat Yulayev adına meydanında qurulmuş çadırlarda (yurtalar) Başqırdıstanın müxtəlif bölgələrinin mədəni inciləri nümayiş olunub, yerli sənətçilər qonaqlar qarşısında çıxış ediblər. Nümayəndə heyətləri başqırd xalqının milli qəhrəmanı Salavat Yulayevin abidəsini də ziyarət ediblər.
   Meydanda türkdilli ölkələrin teatrlarının \"Tuqanlıq\" V Beynəlxalq festivalının açılışı keçirilib. Sənət bayramında ölkəmizi Gəncə Dövlət Dram Teatrı təmsil edib.
   Başqırdıstanın Konqres zalının sərgi salonunda TÜRKSOY yaradıcı laboratoriyasının rəssamlarının \"Başqırdıstan - Avrasiya incisi\" adlı VI Beynəlxalq fotosərgisi də böyük maraqla qarşılanıb. Festival çərçivəsində Başqırdıstan Dövlət Akademik Teatrının Najib Asanbayevin pyesi əsasında \"Əhməd Zəki Validi Toqan\" tamaşası təqdim olunub.
   Günün sonunda Başqırdıstan Respublikasının Prezidenti Rüstəm Xamitov adından Daimi Şuranın 30-cu iclasının iştirakçılarına ziyafət verilib.
   Sentyabrın 7-də TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 30-cu iclası keçirilib. İclasda ilk olaraq qurumun baş katibi Düsen Kaseinov çıxış edib və 2012-ci ilin görkəmli Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin şərəfinə \"Mirzə Fətəli Axundzadə ili\" elan olunduğunu bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb.
   Baş katib müəyyən təqvimin bir gününün “Türk dili və mədəniyyəti günü” kimi qeyd edilməsinin məqsədəuyğun olduğunu və 2013-cü ildə Türkiyənin Eskişehir şəhərinin “Türk dünyasının paytaxtı” elan edildiyini bildirib.
   Azərbaycan nümayəndə heyətinin rəhbəri Vaqif Əliyev çıxışında TÜRKSOY-un gələn il 20 illiyinin qeyd olunması ilə bağlı təklifləri dəstəklədiyini bildirərək bu tədbirlərin geniş miqyasda keçirilməsinin, beynəlxalq ictimaiyyətin qurumun işi barəsində daha geniş məlumatlandırılmasının vacibliyini vurğulayıb.
   Vaqif Əliyev Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açaraq münaqişə nəticəsində bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
   İclasda Qırğızıstan Respublikasının mədəniyyət və turizm naziri TÜRKSOY-un növbəti müddətə müvəqqəti əlaqələndiricisi seçilib və beləliklə qurumda koordinatorluq Türkiyədən Qırğızıstana keçib. Toplantıda həmçinin TÜRKSOY-a üzv dövlətlərin Mədəniyyət Nazirləri Daimi Şurasının 31-ci iclasının Qırğızıstanda İssık-Kul Forumu zamanı Bişkek şəhərində keçirilməsi qərara alınıb.
   İclasın sonunda yekun sənədlər imzalanıb, yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirilib.
   Vaqif Əliyev Başqırdıstanın \"Yuldaş\" (\"Öldaş\") radiosuna müsahibə verib.
   Tədbirdən sonra nümayəndə heyətlərinin başçılarını Başqırdıstan Respublikasının Baş naziri Azamat İlimbetov qəbul edib. Nümayəndə heyətləri Baş nazirlə birgə Başqırdıstanın Xalq artisti Qatı Suleymanovun 100 illiyinə həsr olunmuş yaradıcılıq gecəsində iştirak ediblər.
   Günün sonunda TÜRKSOY-un baş katibi Düsen Kaseinov adından iclas iştirakçılarına ziyafət verilib.