Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə Şəki şəhərinin 2010-cu ildə “Sənətkarlıq paytaxtı” elan olunması bu elin sənətkarlarını çox ruhlandırıb. Qədim sənət sahələrini yaşadan Şəki ustaları yeniliklər axtarışındadırlar. Şəbəkə ustası Soltan İsmayılov da ilk dəfə qeyri-adi ornamentlər üzərində çalışıb. Bu gün şəbəkələrə Şəkidəki yeni binalarda da rast gəlmək mümkündür.
   Bu onu göstərir ki, şəbəkə sənəti hələ yaşadılır. Taxtadan hazırlanan və rəngli şüşə ilə bəzədilən bu cür çərçivələr qapı və pəncərə yerinə istifadə edilir. Adətən şəbəkə ustaları ənənəvi təbiət ornametlərinə üstünlük verirlər.
   Usta Soltan da əvvəllər bu üsulla işləyərək təbiət mənzərələri yaradıb. Lakin təsadüfən kitabda gördüyü bir qədim ornament şəkli onun yeni şəbəkə sxemi yaratmasına səbəb olub. Usta Soltan bu şəkli şəbəkə formasında yaratmaq üçün müxtəlif üsullardan istifadə edib və yeni bir ornament alınıb. 32 ildir şəbəkə ustası kimi çalışan S.İsmayılov bu sənətə 1972-ci ildə məşhur usta Əşrəfin yanında yiyələnib. Elə o gündən onu yaşadan və dolandıran da bu sənətdir.