Zaqatala qalası iki əsrdə bir çox olaylara şahidlik edib
   
   Zaqatala rayonu Azərbaycanın şimal-qərbində Böyük Qafqaz dağlarının ətəklərində Qanıx-Əyriçay vadisində yerləşir. Rayonun ərazisi dağlıq və düzənlik sahədən ibarətdir. Zaqatala qərbdən Balakən rayonu, şərqdən Qax rayonu, şimaldan Rusiya, cənubdan Gürcüstanla həmsərhəddir. Rayonun ərazisi 1348 kv km, əhalisi 114 min nəfərdir. Zaqatala beynəlmiləl rayondur. Belə ki, burada 26-dan çox millətin nümayəndələri yaşayır.
   
   Əlverişli coğrafi mövqeyə malik olan Zaqatala hələ qədim zamanlarda xarici qəsbkarların diqqətini cəlb edib. Car-Balakən camaatlığı Rusiyaya birləşdirildikdən (1803) sonra onun hərbi strateji əhəmiyyətini nəzərə alan çar hökuməti Zaqatala şəhərinin günbatan hissəsində qala tikdirmək qərarına gəlir. Qala Cənubi Qafqazda olan rus qoşunlarının komandanı general İvan Paşkeviçin göstərişi və nəzarəti altında 1804-1830-cu illər arasında tikilib. Qala çay daşları və çiy kərpicdən əhənglə inşa edilib.
   Qalanı tikməkdə çar hökuməti iki məqsəd güdürdü. Onlardan birincisi yerli əhalinin üsyanlarının yatırılmasında qaladan sığınacaq kimi istifadə etmək, digəri isə Şimali Qafqazı işğal edərkən buradan hərbi dayaq məntəqəsi kimi yararlanmaq idi.
   Şamil hərəkatı dövründə (1834-1859) qala rus ordusunun düşərgəsi və başlıca hərbi məntəqəsi idi. Çar hökuməti qaladan 1863-cü ildə baş verən Zaqatala üsyanını yatırtmaq üçün istifadə etmişdi. Şeyx Şamil hərəkatı yatırıldıqdan və Şimali Qafqaz Rusiyaya birləşdirildikdən sonra qala özünün hərbi əhəmiyyətini itirir.
   Lakin belə bir qalanın Rusiyanın mərkəzindən çox uzaqda və ucqar yerdə olması çar II Nikolayın yadından çıxmamışdır. Rusiyada 1905-1907-ci il inqilabı zamanı “Potyomkin” gəmisində üsyan edən matrosların cəzalandırılması üçün Zaqatala qalası münasib hesab edilmişdi. 400 üsyankar matros qalaya salındı. Qalada saxlanılan matrosların inqilabi fəaliyyəti barədə tarixdə kifayət qədər məlumat mövcuddur. Bu tarixdən bəhs edən məşhur “Yenilməz batalyon” filmi Zaqatala qalasında çəkilib.
   Üçbucaq şəklində olan qalanın iki tərəfi - şərq və qərbdən sıldırımdır. Şimal tərəfdən yer səviyyəsindədir. Mühafizə məqsədilə hasarın sol tərəfindən eni 10 m, dərinliyi 5 m olan xəndək qazılıb. Qala divarlarının hündürlüyü 3-5 m, eni 2 m-dir. Qalanın 3 böyük qapısı var: şərq qapısı “zabit qapısı” adlanır. Bu qapıdan rus ordusunun komandir heyəti istifadə edirdi. Qapı Zaqatala şəhərinə açılır, ikinci - şimal qapısı “əsgər qapısı” adlanır. Əsgərlər təlim məşqi keçirmək üçün bu qapıdan qala düzünə çıxırdılar, üçüncü - şimal-qərb qapısı isə “nəqliyyat qapısı” adlanır. Qalaya qoşun üçün lazım olan ərzaq, silah və hərbi sursat bu qapıdan daşınırdı.
   Qalada daim olaraq 2500 əsgər saxlanılırdı. Bəzən isə vəziyyət hərbi xarakter aldığı vaxt Zaqatala qalasında 8-10 minə yaxın əsgər yerləşdirilirdi.
   Zaqatala qalası XIX əsrin əvvəllərində tikilsə də köhnə sistemli qaladır. Qalanın şimal-qərb bürcü müşahidə bürcü olmuşdur. Bürc ikimərtəbəli olub üstünə çıxmaq üçün torpaq yol salınmışdır. Onun altında silah-sursat yerləşdirmək üçün anbar tikilmişdir. Divar boyu içəri tərəfdən dustaqları saxlamaq məqsədilə kameralar, karserlər və həbsxanalar tikilmişdir.
   XIX əsrdə tikilməsinə baxmayaraq, orta əsr qalalarında olduğu kimi mühasirədən çıxmaq üçün qalanın altında yeraltı yollar da çəkilmişdi. Bu yollar dörd istiqamətdə mövcuddur. Lakin onlardan yalnız ikisi məlumdur: birinci yol qala ərazisindəki kilsənin yanından şəhərə doğru, indiki Qarabağ küçəsi ilə şərqə, Muxax kəndi istiqamətində yerləşən təpəyə doğru, ikinci yol isə qalanın ərazisindən şimala “Qala düzü” istiqamətində uzanır.
   Qala ərazisində yerləşən yeraltı yollar maraqlı tədqiqat obyekti ola bilər. Rayon mərkəzinin ərazisindən keçən bu yollar əsasən indiki Qarabağ, Füzuli, 20 Yanvar və Şəhriyar küçələrində çoxluq təşkil edir. Belə yolların açılışı gələcəkdə xarici turistlərin cəlb olunmasına da zəmin olar.
   Qalanın sahəsi 11.5 ha olub ərazisində 15-ə yaxın qalaya məxsus tikili var. Bunlardan Zaqatala dairə rəisinin birmərtəbəli evi, xəzinə binası, qarnizon rəisinin fligel mənzili, qaupvaxt həbsxana, lazaret-hərbi xəstəxana, hamam, “Troitsa kilsəsi”, zabitlər üçün ikimərtəbəli fligel, kazarmalar, su kəhrizi, müşahidə bürcü yerləşir. Qalanın dörd tərəfində topları yerləşdirmək üçün bürclər var. Qalanın ərazisində olan yeraltı suyun mənbəyi isə hələ də məlum deyil. Vaxtilə bu su ilə nəinki qalanın ərazisində yerləşən əsgərlər, hətta rayon əhalisi də təmin olunurdu.
   Qalanın təsvirinə XIX əsr rəssamlarının əsərlərində də rast gəlinir. Məşhur gürcü rəssamı Niko Pirosmaninin “Zaqatala pivəxanası” əsərində Zaqatalaya və qalaya aid təsvirləri görmək mümkündür.
   Sovet dövründə qaladan mebel fabriki kimi istifadə olunub. Həmin müddətdə qalada bir çox tarixi obyektlər baxımsızlıq ucbatından dağıdılıb, qalanın tarixinə aid olan bəzi materiallar etinasızlıq və ya ehtiyatsızlıqdan məhv edilib. Hazırda qala qoruq kimi fəaliyyətini davam etdirir və onun ərazisində abadlıq işləri aparılır. Lakin qalanı öz əvvəlki simasına qaytarmaq üçün çox işlər görülməlidir. Qalada dağıdılan obyektlərin bərpası, arxivlərdə qalanın tarixin aid olan sənədlərin aşkara çıxarılması da bu qəbildəndir.
   
   Rasim Ələsgərov,
   Zaqatala