Xalqımızın zaman-zaman yaratdığı tətbiqi sənət inciləri xeyirxah insanların sayəsində günümüzə gəlib çıxıb, bu qiymətli nümunələr xəzinəsi gələcək nəsillər üçün qorunub saxlanıb. Bu günlərdə Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunun ərazisində yerləşən Qala Əntiq Əşyalar Muzeyini ziyarət edərkən buna bir daha əmin olduq.
   
   Heydər Əliyev Fondunun layihəsi və dəstəyi ilə tikilib istifadəyə verilən muzey ötən ilin sentyabrında Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə açılıb. Mədəniyyət ocağı ixtisas etibarilə mühəndis olan, xeyriyyəçi, Qarabağ müharibəsi əlili, “Azərbaycan Bayrağı” ordenli Şahid Həbibullayevin topladığı və bərpa etdiyi şəxsi kolleksiyası əsasında yaradılıb.
   Bizi - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrini - muzeyin direktoru Şahid Həbibullayev qarşıladı. Ş.Həbibullayevin zəngin kolleksiyası hazırda 3000-dən çox maddi-mədəniyyət nümunələrini əhatə edir. Muzeydə həmin sənət incilərindən 800 eksponat nümayiş olunur. Üç mərtəbədən ibarət olan muzeyin birinci və ikinci mərtəbələrində Azərbaycan xalqının əsrlər boyu yaratdığı müxtəlif dekorativ-tətbiqi sənət inciləri, üçüncü mərtəbədə isə respublikanın ayrı-ayrı bölgələrindən toplanmış, müxtəlif ölkələrdə istehsal edilmiş və qədim zamanlardan xalqımızın məişətinə daxil olmuş nümunələr sərgilənir.
   Xalqımızın zəngin mədəniyyət örnəkləri, yüksək zövqlə süslənmiş sənət əsərləri qürur hissi doğurmaqla yanaşı, səni qədim əyyamlara alıb aparır. XVI-XIX yüzilliklərə aid məcməyilər, sinilər, sərpuşlar, satıllar, sərniclər, camlar, kasalar, qablamalar, dolçalar, bal çəlləkləri, şərbət qabları, incə zövqlə işlənmiş qadın kəmərlərini, sinəbəndləri, qolbənd və bilərzik dəstlərini və s. eksponatları adi məişət və ya bəzək əşyaları kimi nəzərdən keçirmək mümkünsüzdür. Sənət incilərini diqqətlə izlədikcə xalqımızın tarixi, etnoqrafiyası, yaradıcılığının inkişaf mərhələləri göz önündə canlanır.
   Ən qədim dövrlərdən bəri xalqımızın məişətinə daxil olan çay və onun komponentlərini, xüsusilə çaynik, çaydan və samovarların muzeydə üstünlük təşkil etməsi isə bizi təəccübləndirmədi. Bələdçimiz Turan xanım bizə məlumat verdi ki, Şahid Həbibullayevin kolleksiyasında samovarların sayı mindən çoxdur. Hazırda muzeydə 156 samovar nümayiş etdirilir. Onların əksəriyyəti XVIII-XIX yüzilliklərdə Rusiyanın müxtəlif bölgələrində, bir qismi Polşa, İran, Avstriya, ABŞ və s. ölkələrdə istehsal olunub.
   Qürur doğuran haldır ki, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şahid Həbibullayevə məxsus əntiq əşyalar dəfələrlə beynəlxalq sərgilərdə, o cümlədən Paris, London, Vaşinqton, Berlin, Moskva, Qahirə, Daşkənd və digər şəhərlərdə böyük uğurla nümayiş etdirilib.
   Nəhayət, muzeyin xatirə kitabına ürək sözlərimizi qeyd etmək məqamı gəlib yetişdi. Müəllimimiz Asif Rüstəmli duyğu və düşüncələrimizi ifadə edərək bu missiyanı həvəslə yerinə yetirdi.
   ...Muzeyi tərk etsək də, dünənimizə qayıtmaq, keçmişimizə daha dərindən bələd olmaq həvəsi bizi tərk etmirdi. Burada gördüklərimiz adi məişət əşyaları deyildi, xalqımızın milli-mədəni təkamülünün salnaməsi idi.
   
   Gülnar Arazəliyeva,
   Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi