Göygöl rayonu ərazisində yeni aşkarlanmış tarixi-memarlıq nümunələrinin tədqiqinə başlanılıb. Tədqiqat işləri başa çatdırıldıqdan sonra onlar da tarixi-memarlıq abidələri siyahısına salınaraq barələrində ictimaiyyətə geniş məlumat veriləcək. Rayonun mədəniyyət və turizm şöbəsindən bildiriblər ki, tədqiq olunan mədəni nümunələr qədim dövr və orta əsrlər tarixini əhatə edir. Hazırda rayonda dövlət tərəfindən mühafizə olunan və mədəni irs siyahısına salınan 31 abidə mövcuddur. Onlardan 9-u respublika, qalanı isə yerli əhəmiyyətlidir. Tarixi-memarlıq abidələri arasında tunc və dəmir dövrlərini əhatə edən kurqanlar, nekropollar, habelə XII-XVI əsrləri əhatə edən məbədlər, kilsələr var.