Mədəniyyət tariximizdə parlaq iz qoyan və xalqın yaddaşında heykəlləşən sənətkarlarımız çoxdur. Belə əbədiyaşar simalardan biri də musiqişünas, görkəmli səhnə xadimi və müəllim kimi tanıdığımız Mirzə Muxtar Məmmədovdur. Bu görkəmli sənətkarın həyat və yaradıcılığı ilə tanış olarkən bir xalq məsəli yada düşür: “Əməlimiz qüdrətimizdən xəbər verir”.
   
   O, mənalı və uzun ömür yaşayıb. 1841-ci ildə Şuşa şəhərində məşhur musiqiçi ailəsində anadan olub. Atası Mirzə Əli Əsgər Qarabaği də musiqi mədəniyyətimizin inkişafında böyük xidmətlər göstərib. Gözəl səs sahibi və mahir tarzən olub. Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın sarayında musiqiçi kimi çalışıb. Xeyli vaxt Mirzə Hüseyn, Keştazlı Həşim, Hacı Hüsü, Məşədi İsi kimi xanəndələri tarda müşayiət edib. Yaxın Şərq ölkələrinə səfər edib, İranda Nəsrəddin şahın sarayında qurulan məclislərdə mahir tarzən kimi ad-san qazanıb... Mirzə Muxtar məhz belə bir mühitdə böyüyür. Atası onun təhsili ilə ciddi məşğul olur. İlk təhsilini də Şuşa mədrəsəsində alır. Türk, ərəb və fars dillərini mükəmməl öyrənir. Hətta bu dillərdə qəzəllər də yazır. Şəxsi mütaliə yolu ilə Şərq və Azərbaycan klassik ədəbiyyatını dərindən mənimsəyir. Onu da qeyd edək ki, o, rus dilini də bilir. Ötən əsrin 60-cı illərində Şuşada “Qış klubu”nda səhnələşdirilən rus teatr tamaşalarına gedir. Bu tamaşalar onun qəlbində teatr sənətinə və dramaturgiyaya rəğbət oyadır. O, 1870-ci ildə yerli ziyalıları ətrafına toplayır. Şuşada M.F.Axundzadənin “Hacı Qara” komediyasını tamaşaya qoyur. Bu, ilk teatr tamaşası kimi şəhərin mədəni həyatında müsbət rol oynayır. Mirzə Muxtar üç il sonra (1873) teatr həvəskarlarının köməyi ilə “Hacı Qara”nı yenidən səhnələşdirir...
   Mirzə Muxtar 1919-cu ildə Bakıda nəşr olunan “Övraqi-nəfisə” adlı incəsənət jurnalında bu əlamətdar hadisəni belə xatırlamışdı: “Qırx beş il bundan əqdəm Şuşada mərhum Mirzə Fətəlinin əsəri “Hacı Qara”nı teatra məxsus bir bina olmadığından qışlaqda (kazarmada) mövqeyi-tamaşaya qoydum...”
   Onun Azərbaycan milli teatr tarixində unudulmaz xidmətlərindən biri də teatr səhnəsində ilk dəfə qadın rolunda çıxış etməsidir. Mirzə Muxtarın səhnə fəaliyyətinin 40 illiyi ilə bağlı “Kaspi” qəzeti 9 may 1913-cü il tarixli nömrəsində yazıb: “Mirzə Muxtar Məmmədov müsəlman səhnəsinin ilk həvəskar artistlərindən biridir. O, birinci dəfə Şuşada “Hacı Qara” pyesində oynayıb. Müsəlman səhnəsi üçün onun xidmətləri ona görə qiymətlidir ki, o zaman səhnədə oynamaq mürtədlik hesab olunurdu. Bu işə cəsarət edənlər dindarlar tərəfindən təqib olunurdu. O dövrdə qadın rollarını oynamaq daha böyük qəbahət sayılırdı. Bu rolları oynayanlar hər cürə alçaldılırdı. Mirzə Muxtarın müsəlman səhnəsi üçün xidməti bir daha ona görə böyükdür ki, o, belə şəraitdə fəaliyyət göstərib. Müsəlman səhnəsinin bu qocaman həvəskar artisti belə çətin maneələri keçib gəlmişdir”.
   Mirzə Muxtar 1870-1882-ci illərdə Şuşada göstərilən milli teatr tamaşalarının təşkilatçısı və iştirakçısı olur. 1883-cü ildə Gəncəyə, sonra isə Tiflis şəhərinə köçür. Bir neçə il orada müəllimlik edir. Eyni zamanda yerli teatr həvəskarları ilə birlikdə teatr tamaşaları göstərir. 1899-cu ildə Bakıya gəlir. Bir müddət müəllimliklə məşğul olur. 1905-ci ildə müəllimlikdən əl çəkir. Taleyini həmişəlik teatr sənətinə bağlayır. Üzeyir bəy Hacıbəyli onu ilk Azərbaycan operası “Leyli və Məcnun”un tamaşasına dəvət edir. Məcnunun atası rolunu ona həvalə edir. O, eyni zamanda tamaşanın hazırlanmasında Ü.Hacıbəylinin ən yaxın məsləhətçisi və köməkçilərindən biri olur.
   O vaxtdan Mirzə Muxtar opera səhnəsində çalışır. “Əsli və Kərəm”də Kərəmin atası, “Aşıq Qərib”də Xacə, “Şah İsmayıl”da Rəmmal, “Fərhad və Şirin”də isə Şapur rollarını yüksək sənətkarlıq və incə nəğməkarlıq məharəti ilə ifa edir. Onun tamaşaçılar arasında çoxlu pərəstişkarı vardı. Onlardan biri də Üzeyir bəy idi. Əməkdar artist Cəlil bəy Bağdadbəyov xatirələrində yazır ki, “Leyli və Məcnun” tamaşası göstərilərkən Üzeyir bəy arvadı Məleykə xanımla tamaşaçılarla bir sırada oturardı. Mirzə Muxtarın ifasında Məcnunun atasının ariyasını hər dəfə maraqla dinləyərdi.
   1908-1918-ci illər arası Mirzə Muxtar bir aktyor kimi Zaqafqaziya, Şimali Qafqaz və Orta Asiyanın bir çox şəhərlərində opera və musiqili komediya tamaşalarında çıxış edir, tamaşaçıların dərin hörmətini qazanır. Çünki onun fitri istedad, məlahətli səs, həm də böyük səhnə mədəniyyəti olub. O, hər hansı bir tamaşada oynayarkən özünü səhnədə yox, həyatda hiss edib. Bir də Mirzə Muxtarın muğamata, daha doğrusu, musiqi elminə dərindən bələd olması onun ifasının təsir gücünü artırıb. O, ərəb, fars dillərini kamil bildiyindən əruz vəznində yazılan qəzəlləri aydın, rəvan və düzgün tələffüz edib. Buna görə də dinləyici onun istər bəmdə, istərsə də zildə oxuduğu sözləri asanlıqla qavrayıb. Araşdırmalarda göstərilir ki, o, bir aktyor kimi tamaşaçını öz ehtiraslı oyunu ilə ovsunlardı. Kimliyindən asılı olmayaraq, hər kəs səhnədəki hadisələrə qəlbən bağlanar və təsirlənərdi.
   Təsadüfi deyil ki, 1913-cü ildə Bakının teatr ictimaiyyəti, teatr tariximizdə Mirzə Muxtarın müstəsna rolunu nəzərə alıb səhnə fəaliyyətinin 40 illik yubileyini keçirir. Dövri mətbuat bu əlamətdar hadisə haqqında elanlar verir. “Kaspi” qəzeti Mirzə Muxtarın şəkli ilə birlikdə verdiyi bir xəbərdə yazıb: “Bu gün Tağıyev teatrında “Nicat” cəmiyyətinin təşəbbüsü ilə müsəlman səhnəsinin ən yaşlı və təcrübəli fədaisinin 40 illik səhnə fəaliyyəti bayram edilir. Bakı müsəlmanlarından kim Mirzə Muxtarı tanımır? Mirzə Muxtarı nəinki fədakar səhnə xadimi kimi, eyni zamanda, onu təvazökar xalq müəllimi kimi də tanıyırlar. Bakının bir çox müsəlman ziyalıları onun yetirməsidir...”
   Mirzə Muxtar 1919-cu ildə 78 yaşında ikən səhnə ilə vidalaşır. Hacıbəyli qardaşlarının təşəbbüsü ilə Azərbaycan teatr mədəniyyəti tarixindəki əvəzsiz xidmətləri nəzərə alınaraq ona ayda 500 manat təqaüd təyin edirlər. O, ömrünün son 10 ilini musiqişünaslığa həsr edir. 1929-cu il yanvar ayının 17-də 88 yaşında əbədi olaraq gözlərini yumur. O zaman “Kommunist” qəzeti öz səhifəsində dərc etdiyi nekroloqda yazır: “Türk səhnəsinin bütün ağırlıqlarını çiyinlərində keçirmiş, uzun ömrünün çox və dəyərli bir hissəsini bu səhnədə çalışmış, ən qoca aktyor Mirzə Muxtar həyat səhnəsindən həmişəlik olaraq çəkildi”.
   
   Savalan Fərəcov