Türkiyənin Afyonkarahisar vilayətindəki Bolvadin rayonunda 2-ci türk dünyası festivalı keçirilib. 13 türk dünyası dərnəyi və federasiyasının təşkilatçılığı ilə gerçəkləşən tədbirdə qədim oğuz eli Azərbaycanın da çadırı qurulub. Festival məkanında türkdilli xalqların, türk boylarının qədim mədəni irsi nümayiş etdirilib. Ozanların ifasında oğuz və qıpçaq tayfalarına məxsus olan musiqi örnəkləri, folklor nümunələri təqdim edilib, iştirakçılar özbək plovunun dadına baxıblar.
   Açılış mərasimində çıxış edən Bolvadin bələdiyyəsinin sədri Nazmiyye Kılçık bildirib ki, Azərbaycandan Krıma, Qərbi Trakyadan Şərqi Türküstana qədər böyük ərazidə məskunlaşmış türk xalqları fərqli adlar daşısalar da, əslində eyni soydan gəlirlər: “Türkdilli ölkələr Qazi Mustafa Kamal Atatürkün 80 il əvvəl Sovetlər Birliyinin dağılacağı və türk soylarının yenidən birlikdə olacağı barədə müjdəsinin reallığa çevrilməsinin şahidi oldular. Bu həmrəyliyi heç bir güc poza bilməyəcək”.