AMEA-nın Geologiya İnstitutunun baş elmi işçisi, tanınmış səyyah, publisist və şair Yuri Məmmədovun bu yaxınlarda çapdan çıxmış kitabı belə adlanır. Müəllif kitabını Tur Heyerdalın Azərbaycana birinci səfərinin 30 illiyinə, Azərbaycanın müstəqilliyinin 20 illiyinə, Oslo Universitetinin 200 illiyinə həsr edib.
   
   Kitabda məşhur norveçli səyyah və tədqiqatçı Tur Heyerdalın Azərbaycana səfərindən söz açılır. Müəllif kitaba giriş sözündə qeyd edir ki, Qobustanın qayaüstü təsvirlərinə mat qalmış dünya şöhrətli səyyah buradakı qayaüstü qayıq təsvirlərini dənizçiliyin ilkin mənbəyi kimi tanımaq həvəsinə birdən-birə düşməyib. Yalnız arxeoloji qazıntılar onu Qobustan qayıqlarının dünyaya məlum olan ən qədim qayıq təsvirləri olduğunu etiraf etməyə inandırıb.
   Qədim Skandinaviya gəmilərinə oxşayan bu qayıqlar Heyerdalı “Azərbaycanın əlaqələri” adlı məqalə yazmağa sövq edib. İngilisdilli “Azerbaijan International” (Nyu-York) jurnalında dərc olunmuş məqalədə o, norveçlilərin Azərbaycan xalqı ilə qohumluğu haqqında fərziyyə irəli sürüb.
   Üç tipdə olan qayıqların, qamışdan hazırlanmış, burun hissəsində günəş təsviri olan qayıqların, “Tiqris” tipli qayıqların və “yığılma qayıqlar”ın yüzədək şəkli tədqiq edilib. Dəri üz çəkilmiş sonuncu tip qayığın ağac karkasını çıxarıb qablaşdırmaq və quruda irəliləmək mümkün idi.
   Həmin qayıqların mənşəyi və eramızdan əvvəl VII minilliyin axırları, VI minilliyin əvvəllərinə aid olması barədə professor İ.Cavadzadənin irəli sürdüyü fərziyyə də T.Heyerdal tərəfindən dəstəklənib. Səyyah öz fərziyyəsinin təsdiqini Norveç qayalarında eynən Qobustan qayıqlarına bənzəyən qayıq təsvirlərində, habelə İslandiya saqalarında tapıb. Saqalarda deyilir ki, vikinq kralları nəslinin banisi Odin Skandinaviyaya Azər (Azer, Aser) deyilən yerdən gəmidə gəlib.
   Y.Məmmədov T.Heyerdalın fərziyyələrinin reallığına əmin olmaq üçün kitablardakı faktlara, rəvayətlərə, saqalara müraciət edir. Kitabda norveçli səyyahın bir fərziyyəsi də misal gətirilir. Onun fərziyyəsinə görə, skandinavların uzaq nümayəndələri Azərbaycanda etnik azlıqların nümayəndələri olan udinlərdir. Hər necə olursa-olsun, böyük səyyahın Azərbaycana gəlişi diqqətəlayiq məsələdir və ayrıca araşdırma tələb edir. Mətnləri rus və ingilis dillərində olan kitabda maraqlı illüstrasiyalar və Odinin Qərbə yolunu göstərən xəritə təqdim olunub.