Tovuz arxeoloji ekspedisiyası qədim tarixə işıq salan faktlar üzə çıxarıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri Fərhad Quliyevin başçılıq etdiyi arxeoloji ekspedisiya bir neçə ildir ki, bu rayonun ərazisində eramızdan əvvəl VII-VI minillikləri əhatə edən neolit dövrünün əkinçi-maldar tayfaların qədim yaşayış yerlərini tədqiq edir.

Alimin bildirdiyinə görə, ekspedisiya ilk olaraq 2008-ci ildə Göytəpə qədim yaşayış yerində arxeoloji qazıntı işlərinə başlayıb. 2009-cu ildə qədim yaşayış yerinin məxsusi özəlliklərini nəzərə alaraq, Yaponiyanın Tokio Universitetinin Orta Şərq arxeologiyası üzrə mütəxəssislərindən ibarət qrup birgə araşdırmalara cəlb ediliblər.
Azərbaycan və Yaponiya tədqiqatçıları altı il ərzində Göytəpə qədim yaşayış yerində 1000 kvadratmetrdən artıq sahədə araşdırmalar aparıblar. Qazıntılar zamanı məlum olub ki, qədim yaşayış yerinin mədəni təbəqəsi 10 metrdir. Abidənin stratiqrafik cəhətdən əsaslı araşdırılması yaşayış yerinin 13 memarlıq horizontunu üzə çıxarıb. Yəni qədim yaşayış yeri mövcud olduğu dövrdə Göytəpə sakinləri tərəfindən 13 dəfə tikinti prosesinə məruz qalıb. Qədim yaşayış yerinin yaş dövrünün təyin edilməsi məqsədi ilə qazıntı sahələrindən neolit sakinlərinin özləri tərəfindən vaxtilə istifadə olunmuş çoxlu sayda kömür parçaları və osteoloji qalıqlar götürülüb və Tokio Universitetində laborator analizlərə göndərilib. Radiokarbon analizlər Göytəpə qədim yaşayış yerinin eramızdan əvvəl VI minilliyin əvvəlindən ortalarına qədər dövrləşdiyini göstərir.
Göytəpə qədim yaşayış yerində aparılan qazıntılar zamanı çiy kərpicdən qalın tikilmiş komplekslər (geniş və kiçik dairəvi tikililər), bir-birinə bağlı olan yaşayış evləri, çıxıntılı divarlar, ocaq yerləri və sobalar kimi digər tikililər aşkar edilib. Dairəvi planlı memarlıq üslubunda tikilmiş kiçik dairəvi binalar iri ölçülü binalar ilə enli divarlar vasitəsilə birləşib, nəticədə binaların daxili həyəti əmələ gəlib.
Ekspedisiyanın rəhbəri qeyd edir ki, son iki ildə Göytəpə arxeoloji kompleksinin ətrafında aparılan araşdırmalar zamanı Kür çayının orta axarında erkən əkinçi-maldar mədəniyyətinin ilk mərhələsini əks etdirən qədim yaşayış yeri aşkar edilib. Hacıəllamxanlı qədim yaşayış yeri Göytəpə qədim yaşayış yerindən fərqli olaraq çox kiçik olub, Göytəpədən 1 kilometr qərbə tərəf aralıda yerləşir. Qazıntılardan əldə olunmuş arxeoloji materialların təhlilindən məlum olur ki, Hacıəllamxanlı qədim yaşayış yerinin əmək alətləri Göytəpənin artefaktlarından arxaikliyi ilə seçilir. Qədim yaşayış yeri eramızdan əvvəl VII minilliyin əvvəlləri ilə dövrləşir: “Fikrimizcə, neolit dövrünün erkən əkinçi-maldar tayfaları oturaq həyat tərzinə əvvəlcə Hacıəllamxanlı ərazisində məskunlaşaraq keçiblər. Lakin dövrün inkişaf mərhələsini Göytəpə qədim yaşayış yerində yaşayıblar”.
Eyni zamanda Fransa Milli Araşdırmaları Mərkəzinin mütəxəssisləri ilə birgə Goytəpə arxeoloji kompleksindən 8 kilometr şərqdə yerləşən Menteş qədim yaşayış yerində də əsaslı arxeoloji araşdırmalar aparılıb. Qazıntılar e. ə. VI minillikdən və III minilliyə qədər dövrü əks etdirən bir yaşayış yerini üzə çıxarıb. Menteş qədim yaşayış yeri Cənubi Qafqazda xüsusi özəllikləri ilə seçilən arxeoloji abidə hesab edilir. Hazırda Tovuz arxeoloji ekspedisiyası 2014-cü ilin çöl tədqiqatları mövsümündə araşdırmalarını davam etdirir.