Xəbər verildiyi kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Mədəniyyət Nazirləri Şurasının ötən ay keçirilən 32-ci dönəm toplantısında Türkmənistanın Mərv şəhəri 2015-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilib.

Mərv şəhəri bu estafeti Tatarıstanın Kazan şəhərindən qəbul edəcək. Xatırladaq ki, "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsi 2012-ci ildən həyata keçirilir. Həmin il bu ada Qazaxıstanın paytaxtı Astana layiq görülmüş, 2013-cü ildə onu Əskişəhər (Türkiyə) əvəz etmişdi. Türk dünyasının zəngin tarixi irsə malik şəhərlərinin dünyaya daha geniş tanıdılması məqsədi daşıyan layihənin növbəti ünvanı Orta Asiyanın qədim mədəniyyət mərkəzlərindən olan Mərvdir.

“Dünya şəhərlərinin şahı”

Bir zamanlar Böyük Səlcuq dövlətinin paytaxtı olan Mərv tarixi İpək Yolu üzərində qurulmuş bir çöl şəhəridir. Eramızdan əvvəl V-III əsrlərdə çiçəklənməyə başlayan Türk-Margian sivilizasiyası Orta Asiya, indiki Əfqanıstan, İran, Ərəbistan yarımadası, Yaxın və Orta Şərqin mədəni inkişafında mühüm əhəmiyyət kəsb edərək min illər boyu mədəni, elmi mərkəz rolunu oynayıb. Sonrakı dövrlərdə Parfiya və Oğuz-Səlcuq mədəniyyəti tarixində dərin izlər buraxan bu qədim sivilizasiya bölgədə islamın yayılması ilə yeni bir inkişaf dövrü yaşayıb. Ərəb xəlifələrindən olan Abbasilər dövründə Mərv şəhəri hətta ərəb mədəniyyətinin Türküstandakı mədəniyyət mərkəzinə çevrilmişdi. Burada onlarla kitabxana fəaliyyət göstərirdi. Samanilər və Səlcuqlar dövründə isə Mərv öz inkişafının ən yüksək mərhələsinə çatmışdı. Sultan Səncərin hakimiyyətdə olduğu illərdə şəhər əhalisinin sayına və gözəlliyinə görə Bağdadı və İstanbulu (Konstantinopol) belə geridə qoyurdu. O dövrdə Mərvi dünya şəhərlərinin şahı (“Şahı-cahan”) adlandırırdılar.
Məşhur ərəb alimi və səyyahı Əl Makdisi yazır: “Hicazda şəhərlərin anası Məkkə, Xorasanda isə Mərvdir”. İlkin orta əsrlərdə Mərvlə müqayisədə Türküstanın digər məşhur şəhərləri olan Səmərqənd, Buxara əyalət şəhərləri təsiri bağışlayırdılar. Mərvdə sənətkarlıq geniş inkişaf etmiş, xüsusilə burada hazırlanan silahlar, döyüş ləvazimatı böyük şöhrət qazanmışdı. Məşhur tarixçi Plutarx “Müqayisəli həyat salnamələri” əsərində yazırdı ki, Mərvdə hazırlanan dəbilqələr və zirehli geyimlərin parıltısı baxanın gözlərini qamaşdırırdı. Arxeoloji qazıntılar qədimlərdə Mərvin həm də yüksək keyfiyyətli pambıqçılıq mərkəzi olduğunu göstərir. Əl-İstəxri yazır ki, Mərv pambığından toxunan parçalar çox yüksək keyfiyyətə malikdir. Bağdad xəlifələri Mərvdə xüsusi parçatoxuma müəssisəsi açmışdılar.

Qədim tarixdən qalanlar

Mərvdə bir çox məşhur simalar, o cümlədən Şərqin ən böyük mütəfəkkirlərindən olan Ömər Xəyyam, İmadəddin İsfahani, filosof və səyyah Varzuyə, musiqiçi Barbut və digərləri yaşayıblar. Bir sözlə, Şərq mədəniyyəti və sivilizasiyası tarixində Mərv qədər böyük inkişaf yolu keçmiş ikinci sivilizasiya mərkəzi tapmaq çətindir.
Mərvin məhvinə səbəb isə 1221-ci ildə baş verən monqol-tatar hücumları oldu. Monqol-tatarlar dünyanın qədim sivilizasiya mərkəzini yandıraraq yerlə yeksan etdilər. Yalnız 1407-1409-cu illərdə məşhur sərkərdə Teymurləngin oğlu Şahrux Mərvi yenidən bərpa etmək fikrinə düşdü. Amma o, yeni şəhəri qədim Mərvin qalıqlarından xeyli cənubda (indiki Mərv (Marı) şəhəri) inşa etdirdi.
Hazırda qədim Mərv şəhərinin yerində beş qədim qalanın (Ərkqala, Gavurqala, Sultan-qala, Abdullaxanqala və Bayraməlixanqala) qalıqları var. Şəhərdəki ən möhtəşəm tarixi abidələrdən biri də 1140-cı ildə inşa edilən Səlcuqlu sultanı Səncərin mavzoleyidir. 40 metr hündürlüyündə olan abidə indinin özündə, dağılmış vəziyyətdə belə, görənləri heyran edir. Mavzoleyin yuxarı hissəsində nazik kərpiclərdən incə şəkildə inşa edilən dairəvi qübbə var.
Mərvdəki digər tarixi abidələr sırasında Məhəmməd ibn Zeyd (XII əsr), Talxatanbaba mavzoley kompleksi, İmam Qasım, İmam Şafi, İmam Bəkr abidələri, Yusuf Həmədani məscidi (XIII əsr), Gavurqaladakı xristian və buddist məbədlərinin, Bəni-Makxan (VII-XII əsrlər) məscidinin qalıqları, Böyük və Kiçik Qız qalaları qeyd etmək olar.
Beləliklə, tarixi İpək Yolunun ən möhtəşəm şəhərlərindən olmuş Türkmənistanın Mərv şəhəri 2015-ci il “Türk dünyasının mədəniyyət paytaxtı” kimi dünyaya yenidən tanıdılacaq. Bu gün Türkmənistanın üçüncü böyük şəhəri olan Mərv tarixi tikililəri ilə yanaşı, yeni inşa olunan memarlıq nümunələri ilə də göz oxşayır.

Mehparə