Oktyabrın 23-24-də Moskvanın “Krokus Siti Holl” konsert zalında Müslüm Maqomayev adına 1-ci Beynəlxalq vokal müsabiqəsi keçiriləcək. Müsabiqə zəmanəmizin dahi müğənnilərindən biri, soydaşımız Müslüm Maqomayevin xatirəsinə ehtiram əlaməti olaraq təşkil edilib.
   
   Tədbirin təşkilatçısı olan Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondundan bildiriblər ki, müsabiqənin məqsədi milli musiqi mədəniyyəti ənənələrinin davam etdirilməsi, istedadlı vokalçılara dəstək göstərilməsidir. Müsabiqənin şərtlərinə görə, müxtəlif ölkələrin iştirakçıları həm klassik, həm də müasir repertuardan nümunələr təqdim etməlidirlər.
   “Krokus Siti Holl” da təsadüfi seçilməyib. Bu konsert salonu dahi müğənni və bəstəkarın xatirəsinə tikilib. Konsert salonunun səhnəsində keçirilən ilk tədbir isə M.Maqomayevin xatirəsinə həsr olunmuşdu.
   Müsabiqənin münsiflər heyətinə SSRİ Xalq artisti, Böyük Teatrın solisti, professor Tamara Sinyavskaya, SSRİ Xalq artisti, Böyük Teatrın solisti, professor Yelena Obraztsova, Rusiya və Gürcüstanın Xalq artisti, bəstəkar Tamara Qversiteli, Rusiyanın Xalq artisti, professor, dirijor Yuri Başmet, bəstəkar Mişel Leqran, SSRİ Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli daxildirlər.
   Müsabiqənin laureatları pul mükafatlarına (30 min dollaradək) layiq görüləcək, qala-konsertdə və Rusiyanın ən məşhur səhnələrində, habelə M.Maqomayevin Vətəni Azərbaycanda, Bakıda keçiriləcək konsertlərdə iştirak etmək imkanı qazanacaqlar.
   Oktyabrın 22-də iştirakçıların püşkatma mərasimi, 23-də 1-ci turun dinləmələri, münsiflər heyəti üzvlərinin iştirakı ilə konsert, oktyabrın 24-də 2-ci turun dinləmələri, laureatların mükafatlandırılması, qaliblərin və münsiflər heyəti üzvlərinin iştirakı ilə qala-konsert olacaq.
   Qeyd edək ki, müsabiqəni təşkil edən Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondu böyük müğənninin yaxın dostu, tanınmış sahibkar Araz Ağalarov tərəfindən təsis olunub. Fondun prezidenti M.Maqomayevin həyat yoldaşı, SSRİ Xalq artisti T.Sinyavskayadır. Fondun dəstəyi ilə xeyriyyə tədbirləri, ustad dərsləri, musiqi müsabiqələri, konsertlər, festivallar keçiriləcək.