Mayın 2-də Beynəlxalq Muğam Mərkəzində (BMM) “Ruhumuzun səsi” adlı konsert proqramı təqdim olunub. Musiqili axşamı Azərbaycan Dövlət  Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecin təşkilatçılığı ilə keçirilib.

Öncə Humanitar Kollecin direktoru musiqişünas Nərmin Qaralova çıxış edərək təhsil müəssisəsinin yaradıcı heyətinin mütəmadi olaraq tematik konsert proqramları ilə izləyicilərin görüşünə gəldiyini bildirib: “Bu dəfə isə tamam fərqli bir musiqili gecənin şahidi olacağıq. Çünki həmişəki tədris proqramından bir qədər kənara çıxmışıq. Çalışmışıq ki, klassik, ənənəvi və milli musiqini sintez edərək ifaçılarımızın ruhlarının dərinliklərindən gələn səsi dinləyiciyə çatdıraq. Qoy bu gecə ifa edilən nəğmələr bizi dünəndə qalanlardan, gündəlik qayğılardan, rəqəmsal dünyadan, bir saatlıq da olsa, uzaqlaşdırıb mənən təmizləsin və öz-özümüzlə baş-başa qalmağımıza yardımçı olsun”.

Sonra söz musiqiyə verilib. Konsertdə kollecin müəllim və tələbələrinin ifasında "Bu dünya", "Mən sənin yanına qışda gələrdim", "Məhəbbət", "Etməzmidim", "Sən uzaq yaşıl ada", "İncə bellim", "Məhəbbət", "Bura Vətəndir" kimi Azərbaycan, eləcə də bir sıra xarici bəstəkarların əsərləri səsləndirilib.

Konsert çərçivəsində həmçinin Humanitar Kollecin Dekorativ-tətbiqi incəsənət və təsviri sənət fakültəsi tələblərinin yaradıcı işlərindən ibarət sərgi nümayiş olunub.

Bildirək ki, 86 ildir fəaliyyət göstərən Humanitar Kollec ölkəmizə ziyalılar, sənət dünyasına Əməkdar və Xalq artistləri bəxş edib.