Sentyabrın 28-də Heydər Əliyev Sarayının təşəbbüsü ilə “Böyük səhnəyə yol” adlı konsert proqramı təşkil ediləcək. Konsert gənc ifaçılara dəstək məqsədi daşıyır.
   Sarayın mətbuat xidmətindən bildiriblər ki, layihə Əməkdar artist Aybəniz Haşımova ilə birgə həyata keçiriləcək. Yaradıcılığının bir hissəsini pedaqoji fəaliyyətə həsr edən A.Haşımova bu layihənin reallaşmasına böyük həvəslə razılıq verib. Konsert proqramında yalnız peşəkar ifalara, musiqilərə yer veriləcək. Çıxış edəcək müğənnilər ölkəmizdə fəaliyyət göstərən nüfuzlu musiqi məktəblərini bitirmiş istedadlı gənclərdir.
   Konsertdə bütün janrlar əhatə olunacaq. Layihənin özəlliklərindən biri də odur ki, bütün ifaçılar konsertin əvvəlindən axırınadək səhnədə olacaqlar. Konserdə ifaçıları Faiq Süleymanovun rəhbərliyi ilə “Xəzər” instrumental ansamblı müşayiət edəcək.