Məşhur müğənni Ququş İstanbulda konsert proqramı ilə çıxış edib. İstanbul Konqres Mərkəzində keçirilən konsertə Türkiyədə yaşayan iranlılarla yanaşı, yerli musiqisevərlər də böyük maraq göstəriblər.
   
   Ququşun Türkiyəyə səfəri Orta Asiya turnesi çərçivəsində baş tutub. Konsert boyunca özəlliklə “Ayrılıq” mahnısını ifa edən sənətçi göz yaşlarını saxlaya bilməyib. Konsert boyunca tamaşaçılar pərəstiş etdikləri sənətçini ayaq üstə izləyiblər. Mahnı aralarında tamaşaçılarla söhbət edən müğənni zaman-zaman mahnılarını doğma vətəni üçün söylədiyini deyib: “Konsertimə gələ bilməyən bütün heyranlarıma sevgilərimi göndərirəm”.
   Konsertində iştirak etmək məqsədi ilə İrandan Türkiyəyə gələn sənətçinin pərəstişkarı Yasəmən Vəziri müğənninin vətənində çox sevildiyini dilə gətirib: “Ququş bizim üçün çox dəyərlidir. Onu çox sevirik”. İlk dəfə Ququşun konsertini izləmiş Sima Günay da sənətçini Sezen Aksu, Ajda Pekkan və Madonna kimi müğənnilərlə bir sırada gördüyünü deyib.
   Xatırladaq ki, Ququş 1951-ci ildə Güney Azərbaycanda anadan olub. Gənc yaşlarında böyük şöhrət qazanıb. 60-70-ci illərdə İranın ən sevilən qadın müğənnisi olub. 35 yaşında karyerasının zirvəsində olarkən İranda İslam inqilabı baş verib və bir çox sənətçilər kimi Ququş da ölkəsini tərk etmək məcburiyyətində qalıb. Sənətçi hazırda ABŞ-da yaşayır.