“Euronews” telekanalı Bakı caz festivalı haqqında reportaj yayımlayıb
      
   Avropanın nüfuzlu “Euronews” kanalı oktyabrın 23-də Bakıda keçirilən II Beynəlxalq caz festivalı haqqında “Bakı - cazın paytaxtı” adlı geniş reportaj təqdim edib.
   Reportajda Azərbaycanda cazın tarixi, inkişafı, müasir caz ustaları, ölkəmizdə artıq ənənəvi olaraq keçirilən caz festivalları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, II Beynəlxalq caz festivalı Azərbaycan paytaxtının bütün çalarlarını özündə əks etdirir.
   Bildirilib ki, Bakı cazı XX əsrin 50-ci illərindən öz inkişaf dövrünə qədəm qoyub. Məhz bu dövrdə sonradan bütün dünyada tanınacaq Müslüm Maqomayev, Polad Bülbüloğlu, Vaqif Mustafazadə öz repertuarlarında digər musiqi janrları kimi caza da böyük yer verməyə başlayıblar. Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fərəh Əliyeva deyib ki, Bakıda caz musiqisini çox sevirlər: “Keçmiş sövet dövründə bütün musiqiçilər Bakıya gəlməyə can atırdılar, çünki bura caz şəhəri idi. XXI əsrin əvvəllərindən təşkil etməyə başladığımız festivalların əsas məqsədi Bakını regionda və dünyada cazın paytaxtına çevirməkdir”.
   Reportajda müasir Azərbaycan caz məktəbinin ən parlaq nümayəndələrinin müsahibələrinə yer verilib. Saksofon ifaçısı Rain Sultanov bildirib ki, caz azad musiqidir: “Musiqiçilər üçün Şərq və ya Qərb musiqisini ifa etmələrinin fərqi yoxdur. Biz sadəcə musiqi ifa edirik”.
   Pianoçu İsfar Sarabski isə əsas məqsədinin Azərbaycan musiqisini bütün dünyada məşhurlaşdırmaq olduğunu vurğulayıb: “Arzu edirəm ki, Azərbaycanda caz məktəbi yaradılsın və gənc caz musiqiçiləri burada cazı öyrənə bilsinlər. İstəyirəm ki, Azərbaycan cazı bütün dünyada məşhur olsun”.
   Azərbaycanın ev sahibliyi ilə keçirilən festivalın dünyanın tanınmış musiqiçilərinin böyük marağına səbəb olduğu reportajda vurğulanıb, bu musiqi bayramında məşhur ifaçıların iştirak etdiyi bildirilib.