Ağstafada keçirilən müsabiqədə respublikanın 30 bölgəsindən 70-dən çox gənc sənətçi iştirak edib
   
   Azərbaycan xalqının mədəni sərvətlərini qoruyub saxlamaq və daha da inkişaf etdirmək, xalq yaradıcılığımızda müstəsna əhəmiyyəti olan ulu aşıq sənətinə marağı artırmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi daha bir layihə reallaşdırıb. Dekabrın 13-dən 15-dək Ağstafa şəhərində Gənc aşıqların aşıq Şəmşir adına V ümumrespublika müsabiqəsi keçirilib.
      
   Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun aparıcı məsləhətçisi Oqtay Muxtarov müsabiqənin gedişi və yekunları barədə qəzetimizə açıqlama verib: «Musabiqənin keçirilməsində əsas məqsəd qədim və müasir el havalarının öyrənilməsi və qorunması, bu sahədə yeni gənc ifaçıların aşkara çıxarılmasıdır. Şəhər və rayon mədəniyyət müəssisələrinin nəzdində fəaliyyət göstərən kollektivlərdə çalışan və yaşı 25-dək olan gənc aşıqlar bu yarışmada iştirak edirdi. Müsabiqə 2 mərhələdə gerçəkləşdi. Əvvəlcə rayonların özlərində seçim turu keçirildi. Yekun tur isə Ağstafa şəhərində baş tutdu”.
   Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Eyyubova mərasim iştirakçılarını təbrik edərək belə bir tədbirin aşıq, söz və sənət məkanı olan Ağstafada keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib, rayon əhalisi adından respublika rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.
   Müsabiqə iştirakçılarının çıxışlarını Əməkdar mədəniyyət işçisi, prezident təqaüdçüsü İsfəndiyar Rüstəmovun sədrliyi ilə münsiflər heyəti dəyərləndirib. Münsiflər heyətinə Aşıq Yanvar Bədəlov, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli və Aşıq Məmmədəli Məşədiyev daxil olub.
   O.Muxtarovun bildirdiyinə görə, müsabiqənin yekun turunda Azərbaycanın 30 bölgəsindən 77 nəfər gənc aşıq iştirak edib, onların arasından 6 nəfər qalib seçilib.
   Dekabrın 15-də Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində müsabiqənin yekununa həsr olunmuş mərasim keçirilib, qaliblər mükafatlandırılıb. Qeyd edək ki, 1-ci yerin qalibi 500 manat pul, birinci dərəcəli diplom və laureat adı, 2-ci yerin sahibi 300 manat pul, ikinci dərəcəli diplom və laureat adı, 3-cü yerin sahibi isə 250 manat pul, üçüncü dərəcəli diplom və laureat adını qazanıb. Yarışmada 3 həvəsləndirici mükafat (150 manat pul və diplom) da verilib.
   Beləliklə, 1-ci yerə Ağstafa rayon sakini Əfsanə Kərimli, 2-ci yerə Gədəbəydən Anar Abdullayev, 3-cü yerə isə Qazax rayonundan Ruslan Məmmədov layiq görülüb. Ərəstun Kamalov (Kəlbəcər), Əsgər Osmanov (Şuşa) və Leyla Sarıyeva (Sumqayıt) müsabiqənin həvəsləndirici mükafatlarına layiq görülüblə.
   Tədbirdə iştirak edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov da qalibləri təbrik edib.
   
   Fəxriyyə Abdullayeva