İncəsənət Muzeyində musiqili-ədəbi gecə
   
   XIX əsrin məşhur bəstəkarlarından Robert Şuman və Yohannes Brams. Bir gün gənc Brams artıq tanınmış bəstəkar olan Şumanın qapısını döyür. Bu qapı təkcə gənc istedadın parlamasına deyil, digər hadisələrə də açılır. Şuman Brams haqqında qəzetdə məqalələrlə çıxış edir, onu geniş ictimaiyyətə tanıdır. Bir müddət sonra Şuman ağır xəstələnir. Bir gün ağrılara dözməyib, özünü çaya atır. Onu balıqçılar ölümdən xilas edirlər. Şuman iki il yarım xəstə yatır. Bu vaxt isə həm onun, həm də ailəsinin qayğısına Brams qalır. O, ustadına qarşı çox vəfalı idi...
   Bu iki dahinin bir-birinə bağlı, heç də nikbin olmayan həyatı Dövlət İncəsənət Muzeyində keçirilən “Dahilərin həyatından» adlı musiqili-ədəbi gecənin mövzusu idi.
   Tədbirdə onların həyatlarından söz açıldı, əsərləri səsləndirildi.
   R.Şumanın Fortepiano kvineti , «Widmunq», J.Bramsın «Madchenlied», 4 hissəli klarnet, çello və fortepiano üçün triosu, 2 nömrəli violino və fortepiano üçün Sonatası Səidə Tağızadə (fortepiano), Uran Seyidov (violino), Soltan Məmmədova (violino), Vaxtanq İmanov (violino), Aleksey Miltıxın (çello), Səidə Əsədova (vokal), Ümidə Abbasova (violino), Kəmalə Neymanovanın (fortepiano), Fərhad Bədəlbəyli (fortepiano) və Şükür Səmədovun (klarnet) ifasında təqdim olundu.
   
   Gülər