Bakı şəhəri T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin vokal ixtisası üzrə şagirdi, 10 yaşlı Yasin Həsənov Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə mayın 16-dan 22-dək Rumıniyanın Bakau vilayətinin Oneşt şəhərində keçirilmiş XVI “Tİ AMO” Beynəlxalq uşaq pop musiqisi festivalında iştirak edib.
   Almaniya, Bolqarıstan, İtaliya, Malta, Moldova, Polşa, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və s. ölkələrdən 40-dan çox uşağın qatıldığı bu festivalda Azərbaycanın yeganə təmsilçisi Yasin Həsənov uğurla çıxış edərək III mükafata və xüsusi diploma layiq görülüb.
   Xatırladaq ki, Yasin Həsənov bu ilin aprelində Rusiyanın Sankt-Peterburq və Belarusun Mozır şəhərlərində keçirilmiş uşaq musiqi müsabiqələrində də yüksək nəticə göstərib. Həmvətənimiz hər iki müsabiqənin “Qran-pri” mükafatına layiq görülüb. Gənc vokalçı bu ilin iyulunda Belarusun Vitebsk şəhərində keçiriləcək “Slavyan bazarı” Beynəlxalq uşaq yaradıcılığı festivalında iştirak etməyə hazırlaşır.