Hər il ənənəvi olaraq Latviyanın Yurmala şəhərində keçirilən “Yeni Dalğa” gənc ifaçıların müsabiqəsi çərçivəsində iyulun 29-da azərbaycanlı müğənni və bəstəkar Emin Ağalarovun çıxışı nəzərdə tutulub. Müğənni konsertdə “Never Enough” adlı sevilən mahnısını ifa edəcək. Bu mahnının premyerası Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi çərçivəsində olub. Musiqi-rəqs kompozisiyası şəklində təqdim olunan mahnıda Azərbaycan milli musiqi alətlərindən, təkrarolunmaz kostyumlardan və bu zamana kimi istifadə edilməyən işıq effektlərindən yararlanılıb.
   Bu il “Yeni Dalğa” müsabiqəsində Tom Cons, Rik Estli və Nelli Furtado da çıxış edəcək. İlk dəfə olaraq müsabiqə çərçivəsində rok günü də keçiriləcək. Yarışmada “Eurovision-2012”nin ikincisi “Buranovskiye Babuşki” kollektivinin çıxışı da nəzərdə tutulub.