Arzu Qaya,
BDU-nun tələbəsi
   
   M.Müşfiqin xatirəsinə
   
   
   
   Oxu, yar!..
   Nəfəsin bağ, səsin bar.
   Səsindəki məlahəti,
    istiliyi, hərarəti
   Əzbərləsin vuran qəlbim.
   Ayrılığın yollarında
    gecə-gündüz
   Usanmadan
    yol gözləyib duran qəlbim.
   Heç bilirsən, nələr çəkdi -
    sənsizlikdə qalan qəlbim?!
  
   Oxu, yar!..
   Nəfəsin bağ, səsin bar.
   Sakit... aram-aram... oxu...
    qoy mənim də sənsiz keçən
    yoxluğunda xəyal quran,
    arzularım kor boylanıb, lal duran
    həsrət dolu zamanlarım
   Gəlib keçsin aram-aram.
   Ölüm səni alsa belə,
    mən yenə səninlə varam!
  
  
   Oxu, yar!..
   Nəfəsin bağ, səsin bar.
   Bağışla, gəl, bu sözümü -
    sənə «oxu» söyləyirəm.
   Sən, əslində, oxumursan -
    avaz-avaz yanırsan.
   Elə mən də od tutmuşam,
    sənin alov dodağından.
   Ağlamağım man gəlməsin -
   «Gözlər yağış yağdırmasa,
    yanarsan»!
  
   Oxu, yar!..
   Nəfəsin bağ, səsin bar.
   O ilk görüş yadındamı -
    ikimiz də utanardıq.
   Danışardıq şirin-şirin,
    hərdənbir də karıxardıq.
   Gözlər yerə dikilərdi,
    yol gedərdik yavaş-yavaş.
   Hərdən cəsarət də edib,
    bir anlığa baxışardıq.
  
  
   Oxu, yar!..
   Nəfəsin bağ, səsin bar,
   Uşaq kimi sevinərdim
    o gündən bu günə qədər
   Bu dünyada bir yol vardı,
    ey yar, səndən - mənə qədər.
   Bu yolu sonadək gedərdim -
   Mayasına salmasan xal əgər...
  
   Oxu, yar!..
   Nəfəsin lağ, səsin zar.
   Qəfil bir zəngin səsiylə
    bitdi bizim eşq-məhəbbət.
   Nömrə həmin nömrə idi -
    danışan o yar deyildi!
   Bu səs bir xəbər verdi:
   «Bil, bu qız səni aldadır».
   Gerçəyi qulaqda qurğuşun,
   Yalanı dildə «bal» dadır...
  
   Oxu, yar!..
   Nəfəsin lağ, səsin zar.
   Ha oxu, geri qayıtmaz
    o sevgimizin paklığı.
   Bir körpə tək məsum olan
    o eşqimizin saflığı,
   Demə ki ha, - «gücüm çatmaz -
    başqasına yamanmağa»
   Bax, mənim də zorum çatmaz -
    daha sənə inanmağa...
  
   Oxu, yar!..
   Nəfəsin lağ, səsin zar!
   Bu gün, «yar», mən sənə yox,
    buz səsinə qulaq asdım.
   Maraqlıdır, sən ölübsən,
    amma səsin hələ durur.
   O səs indi ürəyimdə
    əğyar nəbzi tək vurur.
  
   Oxu, yar!
   Sən Allah, səni Tarı, oxu -
   O vəfasız nəğməni yox,
   Bu acı misraları oxu...