Yazıçı Tahir Kazımovun yenicə tamamladığı «Cəhənnəmə aparan yol» detektiv romanının ilk oxucusu mən oldum. Saray qəsəbəsindəki evimizdə anamın, qardaşlarımın, ailə üzvlərimin yanında mütaliə etdiyimdən, əsərin məndə doğurduğu ruhi-psixoloji sarsıntıları içimdə çəkdim. Yazıçının «Taleyin qisməti beləymiş yəqin» romanını oxuduğum ərəfədə olduğu kimi, bu dəfə də daxili təlatümlərimi büruzə vermədim. Romanı təxminən on günə oxuyub qurtardım.    

   Romandakı hadisələr müstəqillik illərimizin ilk dövrlərinin yaşantılarını bədii fonda əks etdirir. Zəncirini qırıb qaçmış bağlı qalan it uzun illərin acığını birdən-birə ətrafdakıları dalamaqla, dişləyib xəsarət yetirməklə necə dəhşətli təsir yaradarsa, həmin ərəfədəki qansız canilər də eləcə cəmiyyəti lərzəyə salmışdı. Sovet dövründə zahirən də olsa sağlam mənəvi mühit qorunub saxlanılırdı. Məhz bu rejimin laxladığı ərəfədə mənəviyyat dəllallarının bağlanmış əli-qolu açıldı, quduz itə dönüb mənəviyyatsızlığa meydan verdilər. İnsanlığın başlıca siması olan mənəvi dəyərlərə təcavüz olundu. Lakin atalar yaxşı deyiblər ki, (elə romanda da buna işarə edilir) «oğurluqla, nə bilim, nəyin arası qırx gün çəkər». Simvolik «40 gün»ün ömrü sona çatır...
   Romana «Cəhənnəmə aparan yol» adının qoyulması mənəviyyatsızlıq yolçularının həm bu dünyada diri-diri, həm də o dünyada mənən cəhənnəm atəşinə yanacaqlarına eyhamdır. Biz bunu romanda izləyirik: mənəviyyatsızların azadlıqdan məhrum edilir, türmə həyatında mənəvi və üzüntülü əzab çəkirlər. Əslində elə bu diri-diri cəhənnəm atəşində yanmaq deməkdir. Onların axirət dünyalarını da beləcə cəhənnəm alovu qarsıb-yandıracaqdır. Bunlar hələ təkcə romanın adının dedikləridir.
   Təsadüfən Tahir Kazımov bu romanına «Mənəviyyatsıza qisas» ikinci başlığı verməyib. Belə bir ictimai bəlanın kökünü cəmiyyət özü təmizləyib məhv edir, əsərdə isə konkret olaraq geniş planda verilmiş Emilya obrazı mənəviyyatsızdan (Raqibdən), atasından amansız qisas alır. Romanın ikinci adında bir çağırış, haray var: mənəviyyatsıza qisas! Yəni hamını mənəviyyatsızlıqdan qisas almağa səsləyiş nidası var. Müəllif, Raqib Mirəliyev obrazını mənəviyyatsızların tipikləşdirilmiş obrazı kimi təqdim edib. Lakin mənəviyyatsızlıq (konkret desək, namussuzluq) təkcə bir fərd, eyni cins tərəfindən törədilmir, əks cins - qadın obrazı da əsərdə mənəvi ittihama çəkilir. Müəllif «Mamaroza» kimi məhəllədə kinayə ilə tanınan surəti ifşa hədəfi seçmişdir.
   Romanın 1-ci fəslində, razvyazkadan qabaq oxuyuruq: «Deməli, belə çıxır ki, Mariya İvanovna, Güldəstə Aşurova Toğrul Həmidovun, elə İsanın, Musanın da bir vaxtlar ünsiyyətdə olduqları kişilər Riyad, Rza, Ramazan və Ramiz xarici, sifət əlamətlərinə görə eyni kişilərdir, lakin iz azdırmaq üçün iş və yaşayış yerlərini, adını ayrı, əlaqədə olduğu insanlara müxtəlifliklə çatdırıb, amma baş hərfləri «R»dir, eynidir».
   Az sonra yenə oxuyuruq: «Kələntərli kabinetdə gəzişə-gəzişə düşündü və qərar çıxarmağa çalışdı: «Bu fotorobotları sabah gərək Mariya İvanovnaya, Güldəstə Aşurovaya, Toğrul Həmidova, İsaya, Musaya ayrı-ayrılıqda təqdim edək, əgər onlar bu fotorobotlarla ünsiyyətdə olduqları Riyad, Rza, Ramazan, Ramiz deyilənlərin əlamətlərini aşkar edib tanısalar, Lətifənin ölümü, zorlanması ilə bağlı cinayət işini açmaq asan olacaq, sonra qalır bu fotorobotları məktəbli Solmaza təqdim etmək, o da özünü rəssam kimi təqdim edən Rizvanın əlamətlərini tanısa, onda gərəkdir ki, Riyad, Rizvan, Rza, Ramazan, Ramiz adından istifadə edərək mənəviyyatsızlıqlar etmiş və cinayət törətmiş şəxsi dəvət edək idarəyə».
   Bunlar əsərdə üstüaçılmamış cinayətlə bağlı söylənilib. Romanın 3-cü fəslində isə bu ehtimalın həqiqət olduğunu görürük: «Solmazı, Mariyanı, Güldəstəni, Toğrulu, İsanı və Musanı fotorobotla tanış etməklə müəyyən olundu ki, Riyad, Rizvan, Rza, Ramazan, Ramiz hamısı bir adamdır - Raqibdir».
   Göründüyü kimi, romanın mənfi qəhrəmanı olan mənəviyyatsız və qatı cinayətkar Raqib öz cinayətlərini gizlətməsi, ört-basdır etməsi üçün müxtəlif adlar, ünvanlar və iş yerləri adı altında çirkin niyyətlərini həyata keçirir və uzun müddət istintaq orqanlarının nəzərindən yayına bilir. Bircə adının baş hərfini - «R» hərfini saxlamaqla müxtəlif adlarla özünü təqdim edən Raqib Mirəliyevin bu addəyişmələri, ünvanazdırmaları, iş yerlərini (funksiya dəyişkənliyi) yanlış nişan vermələrində mifik səciyyəli mənfi tiplərin əlamətlərinə bənzəyiş var. Necə ki, biz nağıl və əfsanələrimizdə, digər epik folklor örnəklərimizdə küpəgirən qarı və s. kimi obrazların pisliklər törədərkən və ya ölümqabağı baş qəhrəmanla üzləşərkən (güləşərkən) müxtəlif cildlərə, dəyişkən formalara düşdüyünün müşahidəçisi oluruqsa, bax eləcə də burda romandakı mənfi surət olan Raqib Mirəliyevin də ayrı-ayrı şəxslər kimi özünü qələmə verməklə uzun müddətə məsuliyyətdən yaxasını qırağa çəkə bildiyini görürük. Bu keyfiyyəti də Raqibin mənfi xarakterini bir qədər də tündləşdirməyə xidmət edən yazıçı priyomudur:
   Əsərdə müsbət obraz kimi təsvir olunmuş on altı yaşlı Emilya mənəviyyatsız atası Raqiblə bir damın altında yaşayıb böyüsə də, bataqlıqda cücərib boy atmış tər-təmiz, gözoxşayan çiçəyi xatırladır ki, atasından duyduğu, eşitdiyi, gördüyü, mənəviyyatsızlıq və təhqirlərə baxmayaraq, xoş xəyallarla, arzularla, özündə ilahiləşdirdiyi sevgi hissləri ilə yaşayır, gələcəyi haqqında düşünən və mənən döyüşkəndir, özünü qoruyan, mübarizdir.
   Romanın bədii məziyyətlərindən hələlik söhbət açmaq istəmirəm. Amma onu deməklə qənaətlənirəm ki, Tahir Kazımov özünü yazan, yəni həyatda şahidi olduqlarına bədii forma geyindirən yazıçıdır. Əsərdəki xarakterlər ona görə islahedici xarakter daşıyırlar ki, biz oxucular eyni zamanda bu cəmiyyətin övladıyıq və romanda qaldırılan problemlərin mənəvi yükünün daşıyıcılarıyıq. Hər birimiz vətəndaşlıq borcumuzu layiqincə ödəsək, cəhənnəmə aparan mənəviyyatsızlıq yolunun qabağına sipər çəkmiş olarıq. Elə yazıçı Tahir Kazımovun da oxucusundan istəyi və tələbi budur!
   
   Şakir Albalıyev,
   filologiya elmləri namizədi