Sabir Əhmədlinin “Ömür urası”
  
   III yazı
  
   Tanınmış yazıçılarımızdan olan Sabir Əhmədlinin “Ömür urası” əsəri Qarabağ mövzusunda yaradılan ədəbi əsərlər içərisində problemə xüsusi yanaşma tərzi ilə fərqlənir. “Ömür urası” “Hərb və sülh” anlamından doğan “hərb və dünya” çevrəsində S.Əhmədli düşüncələrinin əlavəsidir. Yazıçı təxəyyülünün (bəlkə də, gələcək reallıq) məhsulu olan sujeti belədir: ermənilər işğal etdikləri torpaqlardan çəkilməyə başlayıblar və qaçqın düşmüş soydaşlarımızdan ilkin olaraq əsərin qəhrəmanı Kişi özünü Arazbara (əsərdə bəzən Cəbrayıl rayonu xatırlanır), doğma kəndinə yetirir. O, Qarabağ müharibəsindən əvvəl tikmiş olduğu evinin ziyarətinə tələsir. Uzun illərin yurd həsrətlisinin keçirdiyi hissləri təsəvvür edə bilirsinizmi?; Yol boyu addımladığı hər qarış torpaq, el-oba, adı və özü doğma kəndlər, yerlər, dağlar, təpələr, bulaqlar qəhrəmanı eyni zamanda müharibənin ilk vaxtlarına, müharibə səhnələrinə və daha uzaqlara - dinc dövrə aparır. Sonra isə yenə reallıq başlayır, yenə də bu günə, az qala tək-tənha addımladığı, yurdun indisinə qaytarır. Dağıdılmış yurd. Kişi obrazı romanda ömrünün bütün urası ilə təsvir edilir; sovet dönəminə bağlı xatirələrdə, ünsiyyət məqamlarında, özgələrinin nəzərində o “müəllim”dirsə, yurdla təkbətəkliyində eləcə Kişidir, Vətən torpağı ilə göz-gözə qalmış Kişi...
   Yazıçı heç yerdə qəhrəmanın fikir üfüqlərinə müdaxilə etmək niyyətinə düşmür, əksinə bu ömrü müharibə müstəvisində aydınlaşdırmaq yolu seçir. İnsanın ictimai-sosial çatışmazlıqları maddi-mənəvi məsələlərə münasibətdə, müharibənin gedişində, qaçqınlığın doğurduğu problemlər kontekstində verilir. Hətta yazıçı erməni hücumundan əvvəl tərk edilmiş kəndlərdə talan faktlarına da münasibət bildirib.
   Erməni və azərbaycanlı xisləti romanda üz-üzə durur. Bu üz-üzə durmaq təkcə müharibə atmosferində izlənilmir. Yazıçı “təbii müqayisə” yolu ilə gedib, sovet və postsovet dönəmlərin də bu iki millətin qonşuluğunu natural görkəmdə təqdim edir. Orta azərbaycanlının təsəvvürü, təcrübəsi ilə “erməni dığası”na münasibət və “erməni dığası”nın edə biləcəkləri təsvir edilir.
   “Alçaq erməni dığalarının anasına, bacısına, nişanlısına sataşacaqlarını düşünüb: “Hər şey namusuma qurban! - deyib yubanmadan tərpənmişdilər...” Erməni vandalizmi, işğal altındakı şəhər və kəndlərdə bütün evləri, taxtapuşları vertolyotla sökmüş, aparmışlar... “Türk görəndə əsim-əsim əsən erməni gör bizi doğma yurddan qaçırtmış, yurd-yesir etmişdi: “Ara musurman! Yeddi ermənini bir dərədə tək görmüsən?”, - deyib də ələ saldığımız, sarıdığımız erməni başımıza nə müsibətlər gətirdi! Qorxaq, quşürək sandığımız dığalar, haylar tarix boyu nə qədər uduzmuşdular, nə ki hayıfları vardı bizdə, hamısını aldılar...”
   Bəlkə də, ən doğru düşüncə yolu budur? Amma yazıçı, Kişinin timsalında bu situasiya ilə barışmır. “Ad-san qazanmış, igid kimi tanınmış rəisin siyirməsini erməni qulağı ilə doldurmağını bu kişi - müəllim bağışlaya bilmirdi. Doğrudur, tarixən ermənilər bundan qat-qat ağır cinayətlər törətmiş, vəhşiliklər etmişdilər. Müəllim bu sayaq davranış, işgəncə, alçaqlığı müharibə qanunlarına sığışdırmır, pisləyirdi...” Yazıçı hər iki tərəfdən, bir-birinə baxıb da qəbirlərə qarşı törədilmiş vandalizmi də eyni etirazla qarşılayır: “Buyur bax! Gör, qurulu qoyub getdiyin qəbirlər nə kökdədir. Öləndən sonra mərhumları yenidən qətlə yetirmişdilər. Hamısının başı vurulmuşdu...”
   Sovet dönəmində erməni məkri, erməni qurnazlığı qarşısında azərbaycanlı əlacsızlığı, min bir bəhanə ilə hissə-hissə qoparılan torpaqlar Kişini yandırıb-yaxır: “Bəs başlıca işi, dolanışığı qoyun sürüləri, davar bəsləmək olan biz köçərilər neyləməli idik? Göydən bizə yaylaqmı göndəriləcəkdi? Erməninin nəyinə gərəkdi o dağlar? Xaçpərəstinki donuzdur. Donuza yaylaq gərək deyil...” Eyni məqamı millət müharibə gedişində də yaşayır: “Sirik səmtdən ermənilər hücuma keçmişdilər. Bu, onların qonşu Füzuli və Laçın, Qubadlı səmtdən başlanan geniş hücumlarının bir cinahıydı”.
   Romanda bir leytmotiv var - İnsan! Və bu, təkcə əsas personaj - azərbaycan Kişisinin simasında təcəssüm tapmaqla qalmır. Yazıçı təfərrüatları, faktları,, epizodları, hadisələri danışdırmaqla geniş insan mənzərələri yaradır. Eyni zamanda antiinsani səhnələrə vurğu salır. S.Əhmədli insanlarımıza qarşı erməni vəhşiliyini konkret, faktik təsvirini verərkən, sakit görünür. Lakin bu, təcrübəli bir qələmin üslubudur, müharibəyə öz rəngində yanaşmaq lazım gəlir:
    “Kişi öz həyətinə yaxınlaşmaqda özünə bununla təsəlli verirdi: erməni işğalçılarının törətdiyi bütün cinayətlər Nurinberqsayaq bir məhkəmədə açılmalı, ifşa edilməlidir. Yalnız qırdığı dinc əhali, körpələrin intiqamı yox, qətlə yetirilmiş ağacların da cəzası verilməliydi. Bağ-bağçalara amansızcasına divan tutmuş qəsbkarlardan məhv etdikləri bitkilərin də qisası alınmalıdı...”
   S.Əhmədli, ədəbiyyatımızda ilk dəfə olaraq Qarabağ müharibəsi mövzusunu qlobal yanaşma müstəvisində çözməyə cəhd edir. Romanda maraqlı bir motiv var. Vətən torpağı ilə görüşə tələsən qəhrəmanın nigaranlığı yurddan da, doğma ev-ocaqdan da çox, qardaşının - Sovet İttifaqı Qəhrəmanının abidəsindəndir, hətta bu duyğularından özü də narahat olur:
    “Bir nanəcib onun nigaranlığı qabağında, üzə olmasa da, dalda söylərdi: Bunca millət məhv olub gedir. Bu da dirinin halına ağlamaqdansa, ölüyə yanır...”
    Bu motivlə yazıçı bir müharibədən digərinə körpü atır.
   O da maraqlıdır ki, mədəniyyət abidələrimizə qarşı, xüsusən aqressivliyi ilə seçilən, erməni millətçiliyi bu yerdə, nədənsə, ittihamdan “təmiz” qurtulur:
   “Bu həndəvərdə bircə heykələ qrad, mərmi toxunmamış, bircə qırnığı qopmamışdı...”
   Lakin Üzeyir bəyin, Bülbülün, Natəvanın heykəllərinin güllələnməsi faktı romanda da qabardılır: “Bəs qalan abidələr? Axı ermənilərin zəbt etdikləri rayonlarda, şəhərlərdə milli abidələr çox idi, tariximizin nişanələri vardı. Həmin yerlərin ermənilərin olduğu iddiasından əl çəkməyən dığalar doğma torpaqlarımızdan bütün izimizi, nişanəmizi silmək, götürmək istəyirdilər...”
   İkinci Dünya müharibəsi mövzusu romandan xüsusi xətlə keçir. Yazıçı, qəhrəmanın qardaş heykəli ilə bağlı duyğularına səhifələr ayırmaqdan çəkinmir.
    Kişi Polşada, Osvensumdə bir sənədlə tanış olmuş, öyrənmişdir ki, almanların “bir millət kimi yer üzündən silmək istədikləri” xalqlardan biri də ermənilərmiş. “Belə çıxırdı, qonşu rayondan olan qəhrəman oğlan almanlara qarşı igidliklə döyüşməklə, yalnız öz vətəni, xalqı uğrunda deyil, eləc də ermənilərin xilası üçün vuruşub. Hər halda buradakı orta məktəbdə rus dili müəllimi işləmiş erməni Yervand da həmin müharibənin iştirakçısıydı... Eləcə də idman müəllimi Artavazd bunları bilməmiş olmazdı...”
   Aydındır ki, romançı üçün təsvirə aldığı hadisəyə arqument gətirmək elə bir çətin iş deyil. Romanda yazıçı xüsusi bir məqama toxunur, hələ bitməmiş Qarabağ müharibəsində bütün körpüləri yandırmış erməni millətçilərinin xətt-hərəkətində, heç olmasa, bir sağlam damar, bulanmamış nöqtə axtarır. Yox Azərbaycanlıların qanına susamış erməni qəddarlığının faşizmdən bir fərqi varmı?
    Romanın uğuru məhz ondadır ki, burda vətən hissi, Vətən torpağına bağlılıq fərdi məzmunda qavranılır. Kişinin yurdla təması o qədər ibtidai və eyni zamanda düşüncəli, sivil bir formadadır ki, istəsə də üçüncü bir kəsin bura girmək imkanı yoxdur.  

   Sabutay