“İnsan ananı, vətəni, mövqeyini dəyişməməlidir”. Bu, az öncə 50 yaşı tamam olan Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin sözləridir. Əsasən detektiv əsərlərin müəllifi olan, hüquqşünas, psixoloq və xalq yazıçısının yarım əsrlik həyat salnaməsini vərəqləmək istəyi ilə Xaqani 25 ünvanına üz tutdum. Söhbət əsnasında qarşımda əsl ziyalı, alim, yüksək mədəniyyət sahibi olmaqla yanaşı, çox elit təbəqə nümayəndəsi gördüm.
  
   50 il əvvəl Bakı tamam başqa idi. Öz ab- havası, mühiti, yaşayış tərzi, insanları vardı Bakının. Bu gün simasını dəyişsə də,adları hələ də qalan məhəllələrdə təbəqəsindən asılı olmayaraq yaşayan ailələr mənən çox oxşar idilər. 50 il əvvəl baharın əvvəlində Çingiz Abdullayev
  
   Bir cənub şəhərində
  
   ziyalı ailəsində anadan olub. Böyüdüyü mühit onun hüquqşünas olmağında rol oynayıb. Təhsil illərində qabaqcıl tələbə, fəal ictimaiyyətçi, “Komsomol projektoru”qəzetinin baş redaktoru, fakültə idman klubunun prezidenti, Almatı, Lvov şəhərlərində hüquqşünasların ümumittifaq müsabiqələrin qalibi olub. Ali təhsilli hüquqşünas kimi həyat vəsiqəsi SSRİ Aviasiya Nazirliyinin müəssisələrindən başlayıb. Vətəndən uzaqda, qürbətdə işlədiyi zamanlar da olub. Və o çağlardan ona iki güllə yarası yadigar qalıb. Daha sonra hüquq mühafizə orqanlarındakı fəaliyyəti başlayıb. Bu illər yazıçıya nə verdi?
   - Çox şey verdi. Ən əvvəl təcrübə. İnsanları tanıdım, ünsiyyətim genişləndi. Deyərdim ki, müdriklik də qazanaraq insanları daha yaxşı anlamağa başladım. Gərək həyatda nəsə görəsən, nədənsə keçəsən ki, yazıçı olasan. Heminquey deyirdi ki, mütləq və mütləq uşaqlıqda çətinlik çəkməlisiz ki, sonra yaxşı yazıçı olasız. Uşaqlıqda çətinliyim olmasa da, təbii nədənsə keçmək lazımdı ki, yazdıqlarını oxucuya çatdıra biləsən.
   - İkinci ixtisas psixoloq olmaq vacib idi?
   - Bu ixtisası bilmək mənim üçün maraqlı idi. Zənnimcə, əgər yazıramsa, insanları daha yaxşı başa düşmək vacibdi..
   Hüquqşünas və psixoloqu ədəbi mühitə Qarabağ adlı
   
   Fəryad
  
   gətirdi. Özü bunu taleyin qisməti hesab edir. Çünki Sumqayıt və Bakı hadisələrindən sonra 30 yaşlı gənc respublika rəhbərliyinin göndərişi ilə Yazıçılar Birliyinə təşkilati məsələlər üzrə katib təyin olunanda bu yolun peşəkar yazıçılığa doğru uzanan cığır olduğundan, xəbərsiz idi. Həyatında nə kövrək, nə də amansız anları olmayıb.
   -Alman filosofu Nitsşenin belə bir kəlamı var: “Rəhmdillik insanı zəiflədir, qəddarlıq gücləndirir”. Bu paradoksun optinal variantı var?
   - Çox düzgün deyimdir. Amma indiyə qədər ortaq bir məxrəc tapılmayıbsa, görünür ki, yoxdur.
   - Qarabağ problemində Azərbaycanın münaqişənin sülh yolu ilə həllini istəməsi və gözləməsi bizi zəif göstərmir ki?
   - Yox, göstərmir. Təəssüf ki, qonşularımız bundan istifadə edib özlərini hələ də vicdansız olaraq aparmaqda davam edir. Qorxuram ki, gec-tez xalqın səbri son həddə çatsın. Bunu istəməsəm də, onların axmaq siyasətinin sonu yoxdur.
   Özünün dediyinə görə, 35 yaşa qədər üç-dörd kitabın müəllifi olub. Bu gün isə
  
   Onun böyük ürəyi
  
   oxuculara 138 roman və povest bəxş edib. Xalq yazıçısının əsərlərinin tirajı 23,5 milyon olmaqla, 38 ölkədə 27 dilə tərcümə olunub. Daha çox detektiv əsərlər müəllifi kimi tanınan yazıçının qələmindən çıxan Roma imperatoru Yuli Sezar haqqındakı “Əsrin əvvəlində sui-qəsd” tarixi romanı yaradıcılığında xüsusi yer tutur.
   - Çingiz Abdullayevin sevimli qəhrəmanı Dronqodur...
   - O sizlərin sevimlisidi. Bu əsəri sovet dövründə yazmışdım.Düşündüm elə bir ad tapım ki, SSRİ məkanında yaşayan bütün millətlər onu öz nümayəndəsi kimi qəbul etsin və nəticədə belə bir quş adı seçdim.
   - Bəlkə bir az da kinodan danışaq?
   - Əsərlərim əsasında 7 çoxseriyalı və 1 bədii film çəkilib. Filmlərimi Krosnopolskiy, Royzman kimi məşhur rus rejissorları çəkib, 20 seriyalı “Ümidin külü” Tacikistanın istehsalıdı. Öz rejissorlarımızdan mərhum Rasim Ocaqovla işləməyi çox istəsəm də, bu, mənə nəsib olmadı. Lakin sonuncu “Məhkumların cənnəti” filminin baş məsləhətçisi olmasından, az da olsa, təsəlli tapdım.
   - Dünyaya səyahət, maraqlı kitablar, ağıllı həmsöhbət və bir də gözəl qadınlar hobbinizdi. Sonuncunu necə başa düşək?
   - Gözəlliyi görməyən, duymayan yazıçı ola bilməz. Tək yazıçı yox, bəstəkar, şair, rəssam, memar qadın gözəlliyinə vurulmayıbsa, nə yarada bilər? Mən artıq son 25 ildə onları yalnız platonik məhəbbətlə sevirəm.
   - Xalq yazıçısının fikrincə, mədəniyyət nədir?
   - Deyərdim ki, insanı insan eləyən gücdü mədəniyyət. İsrailin xarici işlər naziri Qolda Meyirin sözləri ilə desək, mədəniyyətsiz dövlət heç kəsə lazım deyil. Dövlət də, xalq da mədəniyyətilə tanınır - yalnız torpaq ətrafında yığışmaq kifayət deyil. Mədəniyyətsiz dövlət uçuruma gedər.
   Bu yaxınlarda Çingiz Abdullayevin
  
   Ad günü
  
   oldu, yarım əsri yola saldı. Buna nə kədərləndi, nə də “mənim illərim mənim varımdı” deyərək özünə təsəlli verdi. 50 illik zaman kəsiyindən razılıq etdi. Niyə də etməsin, axı özünü hələ də gənc hesab edir.
   - Bu 50 ildə heç kəsi incitməmişəm, dostlarıma xəyanət etməmişəm. Çətin olsa da, nə mövqeyimi dəyişmişəm, nə də fikrimdən dönmüşəm. İnsan «xoşbəxtəm» deməyə qorxur. Amma bu baxımdan mən xoşbəxtəm və istədiyim hər şeyi mənə verdiyi üçün Tanrıya şükürlər edirəm.
  
   Tamilla Teymurqızı