Ramiz Kərəm
   
   
   Bu ümid, bu istək...
   
   Bu ümid əl çəkmir, qırsaqqız olub,
   Bilmirəm nə tapıb mənim yaxamdan,
   Deyən, məndən əfəl Allah bəndəsi,
   Tapammır bu boyda axar-buxardan.
   
   Səni doğulandan tanıyıram mən,
   Yolum beşiyimdən qəbriməcəndi.
   Yolumun bir ucu səbrimdən keçir,
   Ömrün ən sonuncu səbriməcəndi.
   
   Əlvida demişdim bu istəyə mən,
   Demişdim ömürlük uzağam, yadam.
   Bu ümid deyilən tutub yaxamdan,
   Çəkir arxasınca qoymur unudam.
   
   Qəsdi-qərəzin var, deyən, mənimlə,
   Qoymursan yaşayam bildiyim kimi.
   Gəlmişəm borcum var, onu qaytaram,
   Sonra çıxıb gedəm gəldiym kimi.
   
   Nə qədər istəyə əlvida dedim,
   Üstümə qayıtsa yiyə durmaram.
   Qoymursan dərdimlə gümüldənəm mən,
   Ulayıb qoşulam yalquzaqlara.
   
   Aldadıb, azdırıb, şirnikləndirsən,
   Dəyişik salırsan uşaqla məni.
   Məndən üzüyola adam tapılmaz,
   Yaxşı tapışmışıq, buraxma məni.
   
   Noyabr, 2008
   
   
   Yenə durdum səhər-səhər...
   
   Yenə durdum üzümüzə,
   Gələn günü öldürməyə.
   Ələ fürsət kimi düşən,
   Bir sevgini öldürməyə.
   
   Gözəl bir xanım oxuyur,
   Ruh oynayır oyur-oyur,
   Qaqqıltısı qan qoxuyur,
   Gəlir məni öldürməyə.
   
   Əllərində gül dəstəsi,
   Yox ayı, günü, həftəsi,
   Keçir bir qatıl kölgəsi,
   Gedir kimi öldürməyə?
   
   Adam belə qafil olur,
   Hər nə olsa qəfil olur,
   Ya özünə qatil olur,
   Ya özgəni öldürməyə.
   
   Mart, 2009
   
   
   Bu gecənin ay işığı...
   
   Bu gecənin ay işığı,
   Məni sərxoş eylədi.
   Unutdurdu acıları,
   Könlümü xoş eylədi.
   
   Bu gecənin ay işığı,
   Gümüş badəyə oxşar.
   Heç özümdən soruşmamış,
   Gələn xataya oxşar.
   
   Yadıma bir xatirəni,
   Salıb aparır məni.
   Bir cüt bəyaz qanad üstə,
   Alıb aparır məni.
   
   İlim-ilim itib gedən,
   Gorluq-kəfənlik deyil.
   Səhərcən belə getsə,
   Sonrası mənlik deyil.
   
   Sonra məni gəzəcəklər,
   Tanrım, gec deyil hələ.
   Ayın üzünü örtməyə,
   Bir əlçim bulud gələ.
   
   Mart,2009
   
   
   Yer tapa bilmədim...
   
   Niyə darısqaldı, görən, bu dünya,
   Yer tapa bilmirəm bu boyda yerdə.
   Özüm sığışardım, ruhum sığışmır,
   Nə kənddə bənd alır, nə də şəhərdə.
   
   Bu boyda qəfəsə sığışmır ruhum,
   Elə dərya gəzir, asiman gəzir.
   Baxmır ovundurub dilə tutmağa,
   Qoruq-qadağasız bir məkan gəzir.
   Bu doğma qəfəsdə qərib kimidi,
   Boylanır durnalar getdiyi səmtə.
   Tənha yolçuların yön çevirdiyi,
   Tənha ağacların bitdiyi səmtə.
   
   Bilmir sərhədi var dəryaların da,
   Balıqçı torundan xəbəri yoxdu.
   Bilmir yerdən sonra göyü bölüblər,
   Deyir göy üzünün çəpəri yoxdu.
   
   Qədim bir kahadan saz səsi gəlir,
   Gəl gedək sığınaq o ahın altda.
   Allahdan yuxarı nə var bilmirəm,
   Yer tapa bilmədim Allahın altda.
   
   Mart, 2009
   
   
   Od üstündə köhnə çaynik
   
   Od üstündə köhnə çaynik,
   Ocaqda köznən danışır.
   Bəlkə, elə öz-özünə,
   Bəlkə də, biznən danışır.
   
   Gümüldənir gümül-gümül,
   Sızıldayır sızım-sızım.
   Dərd bu dildə danışılır,
   Aram-aram, uzun-uzun.
   
   Anammı düşüb yadına,
   Atammı düşüb yadına,
   Bir vaxt ona su dolduran,
   Adammı düşüb yadına?!
   
   Sızıldayıb, gümüldənib,
   Hönkür-hönkür qaynayacaq.
   Bu dərdin, qəmin dilidi,
   Bunu heç kəs duymayacaq.
   Hönkür-hönkür qaynamağın,
   Arxasınca sükut gəlir.
   Ay arvad, dur çay dəmlə,
   Göy üzünə bulud gəlir.
   
   Mart, 2009
   
   
   Saz havası, durna köçü
   
   Durnalar köçəndə qəribsəyirəm,
   Bir də ki, axşamlar saz çalınanda.
   Birində qürbət var, birində həsrət,
   Qərib adam gəzir əli amanda.
   
   Durnalar köçəndə, saz çalınanda,
   Öz evindən ötrü darıxır adam.
   Hərdən elə yazıq, elə tək olur,
   Adam olduğuna yanıxır adam.
   
   Hərdən qəribsəyir öz evində də,
   Görür gördüyünü ayrı nişanda.
   Dərdim ürəyimlə yarı almadı,
   Bir az da oxşayır şər qarışanda.
   
   Hər şeyi hamıya söyləmək olmur,
   Kimsə qəribsəyər birdən mənimlə.
   Hərdən dərdlərimlə dərdləşirəm mən,
   Dərdlərim dərdləşir hərdən mənimlə.
   
   Yenə şər qarışdı, gün axşam oldu,
   Yenə həsrət dolu bir qərib avaz.
   Yenə saz çalınır, durnalar köçür,
   Gedim dərdlərimlə dərdləşim bir az.
   
   May, 2009