Ölkəmiz qlobal informasiya məkanına daxil olmuş, cəmiyyətin informasiya təminatını həyata keçirən kitabxanaların fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə əsaslı islahatların həyata keçirilməsinə başlanmışdır. Bütün bunlara baxmayaraq, indi əhalinin kitab oxumağa marağının azalması, kitabxanaların rolunun zəifləməsi haqqında çox söz-söhbət gedir. Hətta belə fikirlər də səslənir ki, incəsənətə, mədəniyyətə və təhsilə yaxın olan adamlar belə informasiya mərkəzi olan kitabxanalara tez-tez getməyə əhəmiyyət vermirlər. Nə üçün? Bunun əsas səbəbləri - fondların lazımi səviyyədə təzələnməməsi, kitabxanaların imkanları və xidmətləri haqqında əhalinin vaxtında məlumatlandırılmaması, çox sayda ev kitabxanalarının mövcudluğu, elektron-informasiya şəbəkəsinin geniş miqyas alması, həm də maliyyə məsələləri ilə bağlıdır. Keçirdiyimiz sorğular göstərir ki, bir çox məmur, hətta sadə insanlar kitab oxumaqdan uzaqlaşır, daha çox nəşrlərin elektron variantını oxumağa, lent yazısını dinləməyə üstünlük verirlər. Görünür, audio-kitablar dünyada dəbə çevriləcəkdir.
   Bəs sadə vətəndaşlar?! Onların kitabdan uzaqlaşmalarının başlıca səbəbi, əlbəttə, orta məktəb illərində lazımi mütaliə vərdişlərinə yiyələnməmələridir. Özləri üçün faydalı informasiyaları dinləmək yolu ilə - radio və televiziyadan alırlar.
   Qeyd etməliyik ki, kitabxanaların fəaliyyətinin gücləndirilməsi, kitaba marağın artırılması və bu sahədə yaranmış problemlərin həll edilməsi üçün dövlət səviyyəsində çox iş görülür. Ölkədə kitaba, mütaliəyə maraq oyatmaq məqsədi ilə Milli Proqram işlənib hazırlanmışdır.
   …Oxucuların kitaba marağını öyrənmək məqsədi ilə bugünlərdə M.F.Axundov adına Respublika Milli Kitabxanasında kiçik sorğu keçirdik:
   
   Akif Şahverdiyev - kitab redaktoru və tərtibçisi:
   - Mən, bir qayda olaraq, klassik əsərləri oxuyuram, metodiki ədəbiyyata nəzər yetirirəm. Hərdən də istirahət üçün müasir şairlərin şeirlərini oxumaq istəyirəm. Açığını deyim ki, yaxşı kitablar və yaxşı şeirlər çox azdır. O ki qaldı kitabların elektron və audio variantına, deyə biərəm ki, bu, zamanın tələbidir. Kim hansını istəyir, seçsin. Mən kitabı əlimə alıb oxumağın tərəfdarıyam.
   Əsgər Əsgərov - nəqliyyat mühəndisi:
   - Ömrüm boyu Nizamini, Şəhriyarı oxumaqdan doymaram. Kitab oxumaq hər yaşda insanın mənəvi tələbatıdır. Bir də ki, kitaba maraq oyatmaq üçün xarici təcrübədən faydalanmaq olar, uşaqları lap kiçik yaşlarından kitaba maraq ruhunda tərbiyə etmək vacibdir. Audio kitablar da mənim üçün maraqlıdır.
   Anar Bayramov - inşaat mühəndisi:
   - Elektron texnologiyasını yaxşı bilirəm. Ancaq kitabları ekrandan oxumaq, lentdən dinləmək mənə maraqlı deyil. Kitabı əlimə alıb oxuyanda ayrıca bir zövq alıram. Azərbaycan klassiklərini, eləcə də rus ədəbiyyatını, Tolstoyu, Puşkini, Çexovu oxuyuram. Mənə elə gəlir ki, elektron və audio-kitablar əsl kitabı əvəz edə bilməz. Mənim şəxsi kitabxanamda üç minə yaxın kitab var və bu variantdan dolayı özümü çox arxalı adam hesab edirəm. Audio kitablar isə bəzi məqamlarda, məsələn, avtomobil tıxaclarında qalarkən adamın dadına çatır.
   Aydan Mürvətqızı - BDU-nun tələbəsi:
   - Tez-tez kitabxanalara üz tuturam. Tədris kitabları ilə yanaşı, M.F.Axundovun, C.Məmmədquluzadənin, Sabirin, Səməd Vurğunun əsərlərinə də müraciət edirəm. Arzum şəxsi kitabxana yaratmaqdır. Artıq iki yüzə yaxın bədii ədəbiyyat toplamışam. İndi «danışan» kitablardan söhbət gedirsə, mən kitabı «danışdırmaq» yox, oxumaq istəyirəm.
   Şahalı Həsənov - professor:
   - Gözlərim qüvvədən düşdüyünə görə mənim üçün oxumaq getdikcə çətinləşir. Ona görə də mən audio kitablara üstünlük verirəm...
   Professor Şahalı Həsənov və bir çox başqaları audio kitablara üstünlük verir. Bəs audio kitablar nə deməkdir? Əgər bizim bir çoxumuz informasiyanı dinləmək yolu ilə qavrayırıqsa, deməli, biz yeni mədəni istiqamət götürürük. Marşal Maklyuen «Qutenberqin qalaktikası» kitabında bu prosesdən bəhs edərək bildirir ki, dünyamız və mədəniyyətimiz elektron texnologiyasının təsiri altında «vizual orientasiyadan - audial orientasiyaya» keçir, başqa sözlə, «biz göz mədəniyyətindən - qulaq mədəniyyətinə» doğru istiqamət götürürük. Bu «yazısız mədəniyyətin» meydana gəlməsinə səbəb - dinləmənin görmək üzərindəki üstünlüyüdür. Mütəxəssislərin fikrinə görə belə keçid şüurda, reallığın qavranılmasında, təfəkkür prosesində, hətta sosial davranışda dərin dəyişikliklərə gətirib çıxarır.
   Təsadüfi deyildir ki, indi hətta qəzetlərin, təkcə əvvəlki vizual şəklində deyil, həm də İnternet vasitəsi ilə səsli formada yayılmasına hazırlıq işləri görülür.
   Bütün bunlar bu gün tamamilə başqa düşüncə tərzinin formalaşdırılmasından - əsasən yazısız təfəkkürün meydana gəlməsindən xəbər verir. Şübhə yoxdur ki, psixoloqlarımız, kulturoloqlarımız, pedaqoqlarımız, siyasətçilərimiz bütün bu məsələlərlə lap tezliklə rastlaşacaqlar.

   Canalı Mirzəliyev