Bu gün orta məktəblərdə ədəbiyyat fənni yeni proqram əsasında tədris olunur. Əsasən qəbul oluna biləcək bu proqramla əlaqədar fikirlərimizi açıqlamaq istərdik. “İzahat vərəqəsi”ndə proqramın məqsəd və vəzifələrinin şərhi anlaşılmazdır. Həmin şərhlə deyilir: “Müstəqil Azərbaycan Respublikasının məktəbində ədəbiyyat fənninin məqsəd və vəzifələri müəyyənləşdirilərkən milli ədəbiyyatımız, mədəniyyətimiz, ənənələrimiz əsas götürülməlidir.” Buradan nə nəticə çıxır? Sonra daha “konkret” vəzifələr irəli sürülür: “Ədəbi-mədəni irsi mənimsəmək, başa düşüb qiymətləndirmək, milli psixologiya əsasında tərbiyə almaq, xalq işinə, vətənə sədaqət ruhunda formalaşmaq”. Bu tələblər hansı prinsiplərə söykənir? “Ədəbiyyat xalqın keçmişini, mübarizəsini, adət-ənənəsini öyrənmək üçün mötəbər mənbədir, etibarlı qaynaqdır”. Axı bunlar üçün tarix fənni var. “Mühüm” vəzifələr bununla qurtarmır: “Əxlaqın kamilləşməsi sənət əsərləri ilə ünsiyyətdən çox asılıdır”. Bu fikirlər düzdür, amma hansı əxlaqdan söz gedir? Dövrümüzün əxlaq prinsipləri nədən ibarətdir? Bunlar qaranlıq qalır.
   
   İzahat vərəqəsində daha sonra deyilir: “Uzun illər, əsasən, ideologiyaya xidmət edən məktəbin və ümumiyyətlə, təhsil sisteminin işində əsaslı dəyişikliklərin aparılmasına əlverişli imkan yaranmışdır”. Keçmiş ədəbiyyat müəyyən ideologiya çərçivəsində olub. İndi isə deyirlər ki, ədəbiyyat ideologiyadan azaddır. Bəs onda ədəbiyyat tədrisinin qayəsi nədir? İdeologiyası olmayan, hər hansı istək və qayə uğrunda yaşamayan cəmiyyət nə üçün mövcuddur? Demək, biz ədəbiyyatı keçmişdə baş verənləri bilmək üçün oxuyuruq? Ədəbiyyat hansı mövqedə dayanmalıdır, kimin tərəfində durmalıdır, nəyi təlqin etməlidir?
   Beləcə, ədəbiyyat vahid milli ideologiyadan məhrum edilib və sanki ifadəli oxuya, qiraətə çevrilib. Bu cür ədəbiyyat, bu cür tədris bütün keçmiş effektini, tərbiyəedici missiyasını qeyb etməkdədir. Abituriyentin yazı mədəniyyətinin yoxlanılmaması ədəbiyyatın əhəmiyyətini heçə endirir.
   Ayrı-ayrı siniflər üzrə proqramın quruluşuna nəzər salaq:
   V sinfin proqramı aşağıdakı bölmələrdən ibarətdir:
   I. Azərbaycan şifahi xalq ədəbiyyatı.
   II. Dünya şifahi xalq ədəbiyyatı.
   III. İslam dini ilə tanışlıq.
   IV. Doğma vətənimiz.
   V. Ana məhəbbəti, ana dünyası.
   VI. Hikmət xəzinəsi, insan taleyi.
   VII. Qəhrəmanlıq lövhələri.
   VIII. Əməyin, zəhmətin qiyməti.
   IX. Təbiətin gözəlliyi. Təbiətə qayğı.
   X. Dünya ədəbiyyatından seçmələr.
   VI sinif proqramında nisbi dəyişikliklərdə elə bu səpkidə tərtib olunub. Burda bölgü vahid prinsipə əsaslanmır. Bölgü gah ədəbiyyatın növlərinə (şifahi və yazılı ədəbiyyat), gah mövzulara görə, bə’zən də janrlar əsasında (VI sinifdə ”fantastika”) aparılır. Əslində I, II, III bölmələri birləşdirmək mümkündür. “Dünya şifahi xalq ədəbiyyatından” bölməsində nağıllar və əfsanələr verilmişdir. Nağılları bizim nağıllardan sonra, əfsanələri bizim əfsanələrin ardınca vermək daha effektli olardı. Materialların həcminə də diqqət yetirmək gərəkdir. Bizim iki nağılımız, dünya xalqlarından isə üç nağıl məktəbliyə təqdim edilir. Bölgü burdakının tərsinə olsa daha yaxşı olardı. III bölmə hər iki sinifdə (V və VI) artıqdır. Din ilə tanışlıq tarix fənninin işidir. Ədəbiyyat proqramı şəriət üçün uyarlı deyil. Bir saatlıq ”Əfsanələr”də iki əfsanə, bir saatlıq ”Lətifələr”də yalnız bir lətifə vermək, ”Məlikməmməd” nağılına, ”Basatın Təpəgözü öldürməsi” boyuna üç saat vaxt ayırmaq düz deyil (”Məlikməmməd”i uşaqlar 3-4 yaşlarından bilir.
   Proqrama dəyərli ədəbi-bədii nümunələr, ədəbiyyatda müəyyən xidməti olan yazıçı və şairlərin əsərləri daxil edilməlidir. V-VI siniflərdə əsərləri verilən N.Babayev, Ü.Bünyadzadə, M. Məhzun, Səbahi və bir şox bu kimi tanınmayan imzalar ədəbiyyat üçün heç nə demir.
   VI sinifdə əvvəlcə əruz, sonra heca vəzni öyrədilir. Bunların ardıcıllığını dəyişmək məntiqli olmazdırmı? “Kitabi-Dədə Qorqud” nə qədər təkrar oluna bilər? V sinifdə ”Basatın Təpəgözü öldürməsi”, VI sinifdə Anarın ”Salur Qazan” povestindən parça, IX sinifdə ”Salur Qazanın evinin yağmalanması”. ”Salur Qazan” povesti ilə ”Salur Qazanın evinin yağmalanması” boyunda fərqli və ziddiyyətli cəhətlər olacaq, bu da şagirdlərdə çaşqınlıq yaradacaq. VI sinifdə Qasım bəy Zakirin ”Durnalar” şeirinə nə ehtiyac var? Bu şeir aşağı siniflər üçün uyarlıdır. Başqa bir dəyərli şeirini, məsələn, ”Gəlsin” qoşmasını öyrətmək olmazmı?
   Nə üçün 7-ci sinif proqramına Nəsimi yox, M.V.Vidadi kimi şairlər daxil edilib? Yunus Əmrə həm VI, həm də VII siniflərdə nəzərdə tutulur, nə üçün?
   VIII sinifdə bir sıra yazıçılar haqqında oçerklər verilib. M.Hadi, H.Cavid, Ə.Cavad, C.Cabbarlı, M.Şəhriyar, S.Vurğun, A.İldırım, M.Müşfiq haqqında ədəbi-bədii oçerkə ”ehtiyac” hiss olunub. Bəs mədəniyyətimiz üçün çalışmış N.Nərimanov, Ə.Haqverdiyev, Y.Vəzir, S.Rəhimov, M.İbrahimov, R.Rza?!
   Bir sıra yazıçıların yaradıcılıq nümunələri verilmişdir, bəs Ə.Əbülhəsən, M. Rahim, İ. Hüseynov, B. Bayramov, N. Xəzri nə üçün tamam unudulub?
   IX-XI siniflərin ədəbiyyat tarixində xronologiya gözlənilib. Lakin sistemsizlik də var. Azərbaycan şifahi xalq ədəbiyyatı, ”Kitabi-Dədə Qorqud”, sonra XIII əsrə qədərki Azərbaycan ədəbiyyatının icmalı verilmişdir. Bunun ardınca türk xalqlarının dastanları- ”Yaradılış”, ”Alp Ər Tonqa”, ”Oğuz Kağan”, ”Ergənəkon”, Orxon-Yenisey kitabələri, M.Kaşğarinin ”Kitabi-divani-lüğət-it türk”, Xas Nacib Yusifin ”Kutadqu bilik” əsəri haqqında məlumat verilməsi (5 saat) planlaşdırılmışdır.
   Qədim türk yazılı abidələri ədəbiyyat materialı deyil, türk xalqlarının tarixindən danışılarkən bu barədə məlumat verilməlidir. M.Kaşğarinin lüğəti haqqında VII sinifdə verilmiş məlumat kifayət edir. M.Kaşğarinin IX-XI siniflərin «Azərbaycan dili» dərslərində tədrisi daha münasibdir. Qaldı ortaqlı dastanlar, onlara da o qədər geniş yer verməyin əhəmiyyəti yoxdur, bir-iki saatlıq məlumat kifayətdir. Həm də bu məlumat XIII əsrə qədərki Azərbaycan ədəbiyyatının icmalından əvvələ keçirilməlidir. Çünki əlaqə qırılır: Q.Təbrizi, X.Təbrizi, M.Beyləqani, Məhsəti, Xaqani haqqında məlumat verib, N.Gəncəviyə keçmək lazım gəldiyi zamanda türk xalqlarının qədim ortaq dastanlarına keçid edilir. Ə.Xaqani kimi böyük şairə xüsusi yer verilməməsi də kiçik nöqsan sayılmamalıdır.
   Milli ədəbi dilin təşəkkülü intibah dövründən - XVI əsrdən başlayır. Bu sahədə , Şah İsmayıl Xətai ilə yanaşı, aşıq ədəbiyyatını, el sənətini yeni ədəbi məktəb səviyyəsinə yüksəldən Qurbaninin xüsusi xidməti var. O da unudulub. ”XVI-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı” icmalını ”Aşıqlar” və ”Koroğlu”dan sonraya keçirib, bu hissəni Qurbani ilə başlamaq daha uyarlı olardı. İcmalda yalnız M.V.Vidadi qalmalı, M.P.Vaqif çıxarılmalıdır, çünki M. P. Vaqifə ayrıca yer verilmişdir. Dünya ədəbiyyatı bölməsində Firdovsi və Ə. Nəvai təkrar olunur - aşağı siniflərdə verilib.
   X sinfin materialları dövrləşdirilərkən mötərizədə ”1800-1840”, “1850-1870” və s. yazılmışdır, arada on il itir. Görünür, tərtibçilər ”50-70-ci illər”i nəzərdə tutur, lakin Nəbatiyə 4, S.Ə.Şirvaniyə 9 saat verildiyi halda, A.Bakıxanov, Ə.Haqverdiyev tamam unudulub. Ə.Haqverdiyev yeni realist nəsrin və dramaturgiyanın ən görkəmli nümayəndəsidir. Ona layiq olduğu yer verilməlidir.
   XI sinfin proqramı da nöqsanlardan xali deyil. Mühacir ədəbiyyatına icmal kifayətdir. Uzunçuluq edib həmin dövrdə yazılıb deyə bəsit nümunələri dərsliyə nə üçün salmalı? M. S. Ordubadi, Ə.Əbülhəsən, M.İbrahimov, M. Rahim və b. görkəmli sənət ustaları niyə kənara qoyulub?
   Proqramda tənqid və ədəbiyyatşünaslığa bir qədər az yer verilib. Burada çox qısa şəkildə M. Arif, M. Rəfili, C. Xəndan, C. Cəfərov və F. Qasımzadənin adı çəkilir. Kamal Talıbzadə, Qulu Xəlilov, Bəkir Nəbiyev, Yaşar Qarayev və başqaları, nədənsə, unudulub. Ədəbiyyat tarixini yazanlar unudulmamalıdır. Ədəbiyyatın tarixini yaradanlar öz obyektiv qiymətini almalıdır.
   Tərcümə məsələlərinə də yer verilməlidir.Dünya ədəbiyyatı ilə məktəblilərin tanışlıq imkanı çox məhduddur. Əslində o, müasir prosesdən, imzalardan tamamilə xəbərsizdir. İndi elə dərsliklər hazırlanmalıdır ki, heç olmasa, bir neçə onilliyi yola sala bilsin.

   Sabutay