O, adi bir fəhlənin oğlu idi, deməli
   Onun hekayəti də çox uzun olmayacaq.
   S.Yesenin
   
   Ötən il Vaqif Bayatlı Odərin yeni kitabı - “Yupyumru bir eşq ilə” nəşr olundu. Nədənsə, kitab haqqında az yazıldı, sanki V.B.Odərin yox, sıradanbir şairin kitabı nəşr olunub. “Yupyumru bir eşq ilə” kitabının “hekayəti” çox uzun olmadı. Təəssüf... Ədəbiyyat tarixi, bəlkə də tarixin yeganə xüsusiləşmiş hissəsidir ki, yalanı yaxına buraxmır, sonda xeyir şəri üstələyir. Bu gün V. B.Odər, Ramiz Rövşən, Salam Sarvan, Adil Mirseyid ola bilər ki, ədəbi mühitdə, mətbuatda az görünsünlər. Amma bu, o demək deyil ki, onlar unudulub. Sadəcə, ədəbiyyatda da artıq reklam məsələsinə qol qoyulduğundan kimlərsə kimlərin təbliği ilə məşğuldurlar. V.B.Odər, R.Rövşən, S.Sarvan, A. Mirseyid bizdən də sonra oxucular tərəfindən sevgiylə oxunacaq. Poeziyanın vizual effekt yaradanlarısa unudulacaq. Əli Kərimin bioqrafiyası ilə tanış olanda bir il ərzində beş-altı dəfə mətbuatda çap olunduğunu gördüm. Və başa düşdüm ki, o, özünə qarşı nə qədər “qəddar” olub. Özünü gözə soxmağa, çap olunmağa can atmayıb. Bu gün Əli Kərim minlərlə oxucunun ürəyində yaşayır. Bir sözlə, ədəbiyyat qışqırığı yox, pıçıltını sevir. Dostoyevskinin, Tolstoyun əsərlərini bir vaxtlar “ara ədəbiyyatı” sayanlar olub. Sonrakı həqiqətlərsə məlumdur.
   V.B.Odərin axırıncı kitabı son illərin ən maraqlı nəşrlərindəndir. Kitabı oxuya-oxuya bir daha şairin böyüklüyünə heyrət elədim. Vaqif tənhalığın şairidir. Ədəbiyyatımızda iki şair var ki, onların əsərlərini oxuyarkən hiss edirsən ki, onların otağında heç kəs yoxdur. Vaqif Səmədoğlu və V.B.Odər. Ancaq bu oxşarlığın fərqləri çoxdur. Vaqif Səmədoğlunun şeirlərini oxuyarkən pessimist ruh oxucunu üstələyir, o tənhalığın gözə görünməyən tərəflərindən yazır, V.B.Odərsə həmin tənhalığı nikbin əhvali-ruhiyyədə ifadə edir. V.Səmədoğlunun “Vaxtsız ölsəm” şeirinə diqqət edək:
   Vaxtsız ölsəm,
   Çox yaşadı deyin.
   Vaxtsız öldü,
   deyin qoca ölsəm.
   Ölümü anladan şeirdə V.B.Odər yazır:
   Ölüm olanda nə olar.
   Bir az gülərüzlü gəlsin.
   Kefimizi aça bilsin,
   O an ölmək istəməsə
   ”Qaç” deyəndə qaça bilsin.

   V.B.Odər şeirlərindəki gözlənilməzlik, sözün məxsusi poetikası və obrazlılığın ifadə spektri olduqca maraqlıdır.
   Sən də zalım çıxdın, balaca balam dəniz.
   Neylədin ulduzum duyuq düşdü?
   Balığını neynirdim
   Ulduzuna tor atdım.
   Toruma balıq düşdü.

   Şeirdəki xitab ümumiləşdirmələrdən uzaqdır. Məsələn, xitab “sən də zalım çıxdın, dəniz” kimi də verilə bilərdi və şeirdə qafiyə, ritm sistemi pozulmazdı. V.B. Odərsə belə orijinal ifadələri sadəcə, ilhamın gücü ilə etmir. O, mümkün qədər şeirin ritm simmetriyasını qorumağa, dilin imkanlarından əla istifadə etməyə çalışır. Yuxarıda göstərilən şeirdə ritmin yüksəlməsi və enməsi nəzərə çarpır, yaxud sətirlərarası hecalarda kəskin fərq hiss olunur. Belə demək mümkünsə, V.B.Odərin şeirləri Ahəng qanununa tabedir, sözlər bir-birini izləyir. Ahəng qanunu isə dilimizin özünəməxsus milli bir dil atributudur. Məhz bu ahəngdarlıq, dil faktorlarından istifadə etməyin özəlliyi Odərin yaradıcılığında mükəmməl şəkildə özünü göstərir.
   Səni sevən tale kimi
   Səni candan ata bilməz.
   Səni sevən vətən bilməz,
   Ana bilməz, ata bilməz
   Bu bənddə cəmi doqquz söz işlənib. Amma on dörd, yaxud on beş söz də işlənə bilərdi. Dörd dəfə «bilməz», üç dəfə «səni», iki dəfə «ata», bir dəfə «ana, tale, kimi» sözləri işlənib. Sözdən az istifadə etməklə bu cür musiqili, oxunaqlı şeir yazmaq az kərpicdən böyük ev bina etmək qədər çətindir.
   Müasir Azərbaycan şeirində dialoqlardan, adətən, uşaq şeirlərində daha çox istifadə olunur. Son illərdə sevgililərin, yaxud insanın digər insanlarla münasibətinin dialoquna şeirlərdə rast gəlməmişəm. Şeirlərin əksəriyyəti daha çox ”monopyes “ təsiri bağışlayır. Vaqif Bayatlının şeirlərində dialoqlar olduqca maraqlı və orijinal alınır.
   - Hardasan, Tanrım, deyirəm,
   İnsanoğlu cavab verir.
   - Bu sənmisən, insanoğlu,
   - Mənəm, deyir Tanrı
   V.B. Odər haqqında çox yazmaq olar. Onun şeirləri Azərbaycan poeziyasında mərhələ sayıla bilər. Sonda Pasternakın “Məşhur olmaq ayıbdı” ifadəsini xatırladım. Vaqif Bayatlı bu gün az-az görünsə də, ancaq o, bizlərin ürəyində, gözümüzün önündədir.
   
   Fərid Hüseyn