Vaqif Bayatlı Odər
   
   
   Bir yurd olun, bir yurdlaşın
   
   Bölünməyin, yurddaşlarım,
   Bir yurd olun, bir yurdlaşın,
   Bir dərd olun, bir dərdləşin,
   mələməyin, bozqurdlaşın,
   göydə bu yurdun göz yaşı,
   yerdə savaşı qalıncan.
   
   Qoç quzusu da qurd əmən
   bu yurd ular zaman-zaman,
   Bu yurd mələməz bircə an
   ilk yurd yeri göy, asiman,
   ovu qartal, ovu aslan
   son qurd uçuşu qalıncan.
   
   Əli yetməsə heç nəyə,
   bir anda sıçrayar göyə
   qılınc kimi endirməyə
   aydan sıyrılan ay daşı,
   göydən göy daşı qalıncan.
   
   Enib özünü öyəcək,
   düşmənə «Dev ol!» deyəcək,
   olcaq, devi də dovşantək
   qovub ovlayıb yeyəcək
   bircəcə dişi qalıncan.
   
   Bu Anayurd - Anaçiçək:
   «Atlan, qanadlan, qalx,» - deyəcək,
   göydən Allah da enəcək,
   fatehlər doğmağa aslan,
   aslanların dodağından
   öpməyə kişi qalıncan.
   
   
   O canım xan ağacın,
   Gözüm sultan ağacın
   
   Böyük türk milliyyətçisi Məsud Əlioğlunun bu dünyadan uçuşuna
   
   Uzaq uçun, uzaq qaçın,
   dərdimizin ağacları,
   sizdən asarlar məni,
   onsuz da ağrınız çoxdu,
   mən də artıq yük olaram,
   lap elə meyvə kimi də
   sizə çox böyük olaram.
   
   Uzaq gəzin, uzaq yağın,
   yurdumuzun yağışları,
   sizdən asarlar məni
   ağrı kimi, acı kimi,
   asarlar bir az da artar
   yurdumuzun çəkib, çəkib
   azaltdığım dərdi, qəmi.
   
   Yüz illərdi, min illərdi
   bizdən uzaq gəzən ümid,
   bir az da uzaq gəz, dolan,
   səndən asarlar məni,
   qırıla bilərsən, iyid.
   
   Bu gün məni bir də, yenə
   asmaq istəyən iyidlər,
   qoymaram qəm çəkəsiniz,
   nolar, könlünüz istəyir,
   cavan ağaclar qorxarlar,
   qocaman bir ağac var,
   o ağacdan asın məni
   o ağacın da sevdiyi
   çox qədimi bir nəğməni
   pəsdən oxuya-oxuya,
   o ağacı, o nəğməni
   sığallaya-sığallaya,
   tumarlaya-tumarlaya,
   verə-verə yuxuya,
   o yuxudaykən asın,
   ayılmamış da açın,
   min ildi xəbəri yoxdu
   ondan asıldığımdan,
   elə asın, elə açın
   yenə xəbəri olmasın
   yurdumun ruhutək qalxan
   o, canım xan ağacın,
   gözüm sultan ağacın.
   
   
   Ölümdən sonra başlar şair ömrü
   
   Noldu birdən-birə, Mixail Yuriyeviç,
   İndicə gülürdünüz?!
   İndi qəbir tüfəng lüləsitək dar,
   Elə bilirdiniz hamının Allahı var?
   
   Diz çökün, cənab Martınov, diz çökün!
   Fələyin zülmü çox, Allahın mərhəməti!
   Diz çökün! Bir şair də söndü -
   Sevdalar yaşılı, ocaq kösöyü,
   Üstündə Allahı, üstündə göyü.
   
   Gözlər hədəqədə, ölüm sinədə,
   Alın yazısına, qara günə də,
   bazarda soğanın qiymətinə də,
   bir bəhanə gərək, bir bayıs gərək
   Güllələyin şairləri! Sonra diz çökün!
   
   Kimin günahı var, kimin ahı var,
   Dünyanın nə qədər pis sabahı var.
   Hamsına, hamsına şairlər bayıs!
   Güllələyin şairləri! Sonra diz çökün!
   
   Güllələyin qulaqları, oxşamayan təzə sözü,
   Güllələyin damarlara sığmayan təzə qanı!
   Güllələyin lirikanı, Lorkanı, Nerudanı!
   Güllələyib güllələnmək əsridi,
   Güllələyib güllələnin!
   
   Qəbristanlıqlar ölüyə həsrət!
   Dəlixanalar dəliyə həsrət!
   Güllələyin şairləri!
   
   Koroğlu zəncirdə, Qıratı darda,
   Dəlləklər gəzirlər karetalarda.
   İndi ağlayanlar güləcək gorda,
   Gorda ağlayanlar güləcək harda?
   Güllələyin şairləri! Onsuz da
   Şairlər ölürlər yaz yağışından,
   Arvad qarğışından, qız baxışından,
   Dünyanın tələsik yır-yığışından,
   Günahlı, günahsız şairlər ölür.
   
   Güllələyin şairləri!
   Ancaq tövbə gecəsi əynində soyxa,
   qorxa-qorxa
   Puşkinin yarasın öpməyə yüyürsün Dantes,
   bir kilsə qapısında səhərəcən
    böyürsün Dantes;
   Bir də yol verin, yol verin cənab Martınova
   yıxılan Lermontovu qucaqlamağa...
   
   
   Səni niyə belə sevdim?
   
   Səni niyə belə sevdim,
   belə istədim niyə,
   canımdakı min tikana,
   bir gülə istədim niyə?!
   
   Eşqdə gizlətdim bu canı
   görəmməyən varmı, hanı?!
   həm gizlətdim, həm də hamı
   bilə istədim niyə?
   
   Min illərçün də Allahdan
   Gecə-gündüz, hər an, hər an
   səni özümə həm sultan,
   həm də, həm də
   kölə istədim niyə?!