Sumqayıt şəhərinin 60 illiyi ilə bağlı silsilə tədbirlər davam edir. Bu sıradan növbəti tədbir S.Vurğun adına Mərkəzi Kitabxanada baş tutdu. Belə ki, ədəbiyyatsevərlər bu dəfə Əli Kərim adına Poeziya klubunun və şəhər MKS-nin təşkilatçılığı ilə yazıçı Əyyub Qiyasın “Sonuncu büt” kitabının müzakirəsinə toplaşdılar. Tədbirdə çıxış edən MKS-nin direktoru Yeganə Əhmədova son zamanlar oxucuların mütaliəyə marağının artdığının və yenidən kitabxanalara üz tutmalarının müşahidə olunduğunu bildirərək, bədii ədəbiyyatın insanın formalaşmasındakı rolundan danışdı. Klubun direktoru şair İbrahim İlyaslı, şair-tərcüməçi Səlim Babullaoğlu, nasir Elçin Hüseynbəyli, kulturoloq Aydın Xan Ə.Qiyas yaradıcılığının fəlsəfəsi haqqında fikirlərini bildirdilər. Sonra isə görüşdə iştirak edən Sumqayıt Dövlət Universitetinin tələbələri müəllifin “Sonuncu büt” romanından doğan təəssüratlarını bölüşüblər. Əsər müəllifi isə fəal və hazırlıqlı auditoriyanın apardığı müzakirələrdən məmnun qaldığını bildirərək oxucuların ona ünvanladığı sualları cavablayıb.
   
   Sabutay