Məşhur fransız aktyoru Jerar Depardye 60 illik yubileyini qeyd edib. Fransızlar onu ölkənin ən böyük nailiyyətləri və dəyərləri sırasına daxil edərək fəxrlə "Bizim ümummilli Depardyemiz" adlandırırlar.
Depardye ömrünün 60 ilindən 38-ni Fransa kinematoqrafiyasına və televiziyasına həsr edib. O, karyerası ərzində 180-dən çox filmdə çəkilib. Bu filmlərdən bir çoxu Fransa kinosunun inciləri sırasına daxil olub. 60 yaşı olmasına baxmayaraq, aktyor yenə də əvvəlki templə çalışır.

 Hazırda Fransanın ikinci telekanalında Depardyenin iştirakı ilə Mooris Dryuonun "Lənətlənmiş krallar" əsəri əsasında çəkilən çoxseriyalı film nümayiş etdirilir. Kinoteatrlarda isə yenə də onun iştirakı ilə uşaqlar üçün "Timpelbaxın uşaqları" filmi göstərilir.
Depardye həm də aktiv kommersiya fəaliyyəti ilə məşğuldur. O, neft yataqlarının istismarı, çoxsaylı şərab təsərrüfatları və Parisdəki iki restoranının fəaliyyəti ilə bağlı işlərini davam etdirir. Lakin Depardye 60 illiyini kədərli bir vaxtda qeyd etməyə məcbur olub.

2008-ci il oktyabrın ortalarında aktyorun 4 uşağından biri - onun davamçısı və gözəl aktyor Qiyom Depardye gözlənilmədən vəfat edib. Maraqlıdır ki, ata və oğul Depardye arasında uzun müddət münaqişə olub. Lakin son vaxtlar onlar barışıblar və qəfil ölüm onları həmişəlik ayırıb.
Depardye oğlunun ölümünü çox ağır keçirib. O, yubiley günlərində heç bir telekanala müsahibə verməyib. Oktyabr ayından sonra isə cəmiyyət arasına cəmi bir neçə dəfə çıxıb.