Məşhur britaniyalı musiqiçi, əfsanəvi "The Beatles" qrupunun üzvü, ser Pol Makkartni Yeni il tətilini sevgilisi Nensi Şevellə bir yerdə Meksikanın məşhur Kankun kurortunda keçirib. Bu barədə "RİA Novosti" agentliyi Meksika KİV-nə istinadən məlumat yayıb.

Yerli qəzetlər yazır ki, Makkartni 47 yaşlı rəfiqəsi Nensi Şevellə bir yerdə dəfələrlə Kankun çimərliklərində görünüb. Qeyd edək ki, amerikalı işgüzar qadın Nensi Şevellin varidatının 250 milyon funt-sterlinqə bərabər olduğu bildirilir. 62 yaşlı muçiqiçini ilk dəfə onunla keçmiş həyat yoldaşı ilə ayrıldıqdan cəmi 2 həftə sonra görüblər. O zamandan Makkartni ancaq amerikalı qadının müşayiəti ilə cəmiyyət arasına çıxır. Ser Makkartni yeni sevgilisinə yaxın olmaq üçün hətta Nyu-Yorka köçüb.


Xatırladaq ki, ser Makkartni Böyük Britaniya məhkəməsi tarixində ən uzun çəkən prosesdən sonra ötən ilin may ayında ikinci həyat yoldaşı Xizer Millsdən ayrılıb. Proses iki il davam edib. Nəticədə Mills Makkartnidən 25 milyon funt-sterlinq qoparıb. Bundan əlavə, Makkartni 2008-ci ildə 5 yaşı tamam olan qızının xərcləri üçün hər il 35 min funt-sterlinq ödəməli olacaq.