Hollivud ulduzu Bryus Uills model Emma Heminqlə evlənib. “France Presse” agentliyinin verdiyi məlumata görə, bəyin 54, gəlinin isə 32 yaşı var.
   Aktyorun nümayəndəsi bildirib ki, Karib hövzəsi adalarından birində keçirilən mərasimdə Bryus Uillsin keçmiş həyat yoldaşı, aktrisa Demi Mur, onların üç qızı, eləcə də Murun yeni həyat yoldaşı Eşton Katçer iştirak ediblər.
   Qeyd edək ki, toy mərasimi barədə ilk dəfə martın 19-da məlumat verilib. Lakin Uillsin nümayəndələri bundan sonra da şərh verməkdən imtina ediblər. Emma Heminq isə, ümumiyyətlə, heç bir açıqlama vermir.
   Bryus Uills və Demi Mur 1987-ci ildə evləniblər, 2000-ci ildə isə boşanıblar. Onların üç qızı var - 20 yaşlı Rumor, 17 yaşlı Skaut və 15 yaşlı Tallula Bell. Keçmiş həyat yoldaşları ayrılmalarına baxmayaraq, dost münasibətlərini qoruyub saxlayıblar.