Berlin divarının üzərində çəkilən ən məşhur qraffit pozulub. «Deutsche Welle» bildirir ki, həmin qrafitdə SSRİ Kommunist Partiyası MK-nın Baş katibi Leonid Brejnev və ADR-in lideri Erik Honekker öpüşən yerdə təsvir olunublar.
   «Ay Allah! Mənə bu ölüm sevgisi arasında sağ qalmağa kömək et» adlı qrafit Berlin divarının sökülməsinin 20 illiyinə həsr olunan böyük bərpa işləri çərçivəsində silinib. Məşhur qrafiti divara çəkən rəssam Dmitri Vrubel rəsminin yerini boş görəndə şoka düşdüyünü bəyan edib. O, bunu müəllif hüququnun tapdanması kimi dəyərləndirib. Vrubeldən əlavə, daha 40 rəssamın qrafiti Berlin divarından silinib.
   «East Side Galerry» bədii qalereyasının rəhbərliyi bəyanatla çıxış edərək bildirib ki, bütün rəssamlara onların əsərlərinin silinə biləcəyi ilə bağlı xəbərdarlıq edilib. Qalereya rəhbərliyi rəssamlara Berlinə gələrək əsərlərini bərpa etməyi təklif edib. Bunun üçün 40 rəssam Almaniya paytaxtına dəvət olunub. Onlar divarın 300 metrlik hissəsində 42 əsəri bərpa etməlidirlər. Almanlar hər bir rəssama yol, yaşayış və qalmaq pulunu ödəməklə yanaşı, kompensasiya kimi 3 min avro təklif ediblər. Dmitri Vrubel əvvəlcə təklifdən və puldan imtina etsə də, sonradan fikrini dəyişib.