Sən demə, 72 il bundan öncə çəkilişinə başlanan serial indiyə qədər davam edirmiş. CBS telekompaniyası, nəhayət, «Bələdçi işıq» adlanan teleserialın yayımını dayandırmağa qərar verib. «Associated Press»in verdiyi məlumata görə, filmin son epizodu bu il sentyabrın 18-də nümayiş olunacaq.
   CBS rəhbərliyi layihənin bağlanmasını ağır maliyyə vəziyyəti və serialın son illər populyarlığını itirməsi ilə əlaqələndirib. Həmin kanalda yayımlanan səkkiz serialın arasında «Bələdçi işıq» ən aşağı reytinqə sahibdir.
   Mütəxəssislərin fikrincə, buna evdar qadınların seriala get-gedə daha soyuq münasibət göstərməsi səbəb olub. 2000-ci ildən bəri serialı gənc auditoriyaya sevdirmək cəhdi də baş tutmayıb.
   «Bələdçi işıq» NBC radiosunda 1937-ci ildən yayımlanmağa başlayıb, 1952-ci ildən sonra isə o, hər gün CBS kanalının efirində nümayiş olunur. Yayım tarixində 357 dəfə müxtəlif mükafatların nominantı olub, 94 dəfə isə mükafat əldə edib, 68 dəfə «Emmy Daytime Award»a layiq görülüb.
   «Bələdçi işıq» serialı dünyanın ən uzun serialı kimi Ginnesin Rekordlar Kitabına düşüb.