Vaşinqtondakı Madam Tüsso muzeyi yeni eksponatla zənginləşib. CNN telekanalının verdiyi məlumata görə, muzeydə ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obamanın mum heykəlinin açılış mərasimi keçirilib.
   Mişel Obamanın mum heykəlinə baxmaq üçün yüzlərlə insan yığışıb - muzeyin qarşısında uzun növbə yaranıb. Təntənəli açılış mərasimini onlara jurnalist işıqlandırıb.
   “Mum” Mişel həyat yoldaşı “mum” Barakın yanında durur. ABŞ prezidenti və onun həyat yoldaşının fiquru Ağ Evin Oval kabinetinin dekorasiyası fonunda təsvir ediliblər. Mişel qısaqol qırmızı dondadır. Muzeyin mətbuat katibi Şameki Lloyd bildirib ki, Mişel həmin paltarda ərinin inauqurasiya mərasimində iştirak edib.
   Ustalar hələ 2008-ci ilin dekabrından Mişel Obamanın heykəli üzərində çalışmağa başlayıblar. Prezidentin həyat yoldaşı heykəltəraşlara poza verməkdən imtina etdiyinə görə, onlar fotoşəkillərdən və videoyazılardan istifadə etmək məcburiyyətində qalıblar. Onlar bildiriblər ki, “mum” Mişel üzərində işin ən çətin məqamı onun daxili aləmini “təsvir etmək” olub: «Onun son dərəcə gözəl stili var, o, uşaqlarını sevən ana və yaxşı həyat yoldaşıdır. Biz ümid edirik ki, bütün bunları təsvir edə bilmişik”.
   Mişel Obamanın mum fiquru ziyarətçilərin xoşuna gəlib. Onlar fiqurun birinci lediyə çox oxşadığını bildiriblər.
   Qeyd edək ki, Mişel Obama, fiquru Madam Tüsso muzeyinə qoyulan ilk birinci ledi deyil. Bundan əvvəl Con Kennedinin həyat yoldaşı Jaklin Kennedi və Bill Klintonun həyat yoldaşı, hazırkı dövlət katibi Hillari Klintonun fiqurları da muzeyə daxil olub.