Misirdə işləyən rusiyalı arxeoloqlar Fayum vahəsindəki nekropolda qazıntılar zamanı üzlərində qızıl maska olan mumiyalar və bir sıra digər qiymətli əşyalar tapıblar. «RİA Novosti» agentliyinin məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Misirşünaslıq Mərkəzinin direktor müavini Aleksey Krol bildirib.
   O, qeyd edib ki, tarixi ərazi ən azı iki dəfə - eramızın əvvəlində, eləcə də ötən əsrin 60-70-ci illərində ciddi qarət olunub. Buna baxmayaraq, arxeoloqlar qızıl maskalı mumiyalar tapa biliblər. Bundan əlavə, rus arxeoloqları qarətçilərin gizlətdikləri və sonradan hansısa səbəbdən götürmədikləri bir kisə qızıl maska, eləcə də Fayum portreti tapıblar.