«Doktor Haus» serialında Lourens Katner rolu ilə məşhurlaşan aktyor Kel Penn layihəni tərk edib. «Associated Press» agentliyinin məlumatına görə, 31 yaşlı artist Ağ Evə işə keçir. O, Ağ Evdə ictimai əlaqələr xidməti direktorunun müavini postunu tutacaq.
   «Qarold və Kumar hamını qabaqlayırlar», «Qarold və Kumar: Quantanamodan qaçış» filmlərindəki rolları ilə də məşhur olan Penn seçkilərdə aktiv iştirak edib və Barak Obamanın dəstək kampaniyasında aparıcı rollardan birini oynayıb. Hələlik onun yeni vəzifəsinin icrasına nə zaman başlayacağı məlum deyil. Onun yaxın vaxtlarda ekranlara qayıtmağı planlaşdırmadığı bildirilir.
   Artıq məlumdur ki, Pennin «Doktor Haus» serialındakı doktor Katner obrazının taleyinə aydınlıq gəlib. Ssenari müəllifləri Katner obrazını intihara «məcbur ediblər». Artıq serialın rəsmi saytında doktor Katnerə nekroloq səhifəsi açılıb.
   Qeyd edək ki, «Doktor Haus» serialı ötən il teleseriallar arasında ABŞ-da populyarlığına görə ikinci olub. Hər həftə bu serialı 16,7 milyon tamaşaçı izləyib.