Hollivud tətil təhlükəsindən yaxasını qurtarıb. ABŞ Aktyorlar Gildiyası səs çoxluğu ilə aparıcı kinokompaniyalarla 2 illik müqavilə bağlamağa razılıq verib. «BBC»nin məlumatına görə, razılaşma kino və televiziya şoularında iş şəraiti ilə bağlıdır. Bu razılaşmaya əsasən, çəkilişlər müqabilində ən minimal vəsaitin həcmi 3 faiz artacaq. Ümumilikdə, aktyorların iş şəraitinin yaxşılaşdırılması üçün yaxın 2 il ərzində 105 milyon dollar ayrılacaq. Pensiya planları və tibbi xidmət üçün ayırmaların həcmi də 0,5 faiz artacaq.
   Amma Gildiya teleşou və kinolentin internetdə nümayişinə görə əlavə ödəmə məsələsində irəliləyiş əldə edə bilməyib. Bu, razılaşmanın ilkin variantında əsas bəndlərdən biri olsa da, kinokompaniyalar həmin şərti qəbul etməkdən imtina ediblər. Səsvermədə aktyorların Həmkarlar İttifaqı üzvlərinin cəmi 35 faizi iştirak edib. Bu, öz-özlüyündə böyük rəqəm olmasa da, ənənəvi göstəricilərdən xeyli çoxdur. İştirakçıların 78 faizi yeni razılaşmanan ratifikasiyasına, 22 faizi isə rədd edilməsinə səs verib.
   Qeyd edək ki, bundan əvvəl Amerika Televiziya və Radio Aktyorları Federasiyası (AFTRA) müqavilənin şərtləri ilə razılaşıb. Aktyorlar Gildiyası isə daha sərfəli variantlar uğrunda mübarizə aparırdı. Nəticədə Gildiyanın aktyorları ciddi maliyyə itkilərilə üzləşiblər. Çünki Hollivudun əsas studiyaları AFTRA-ya üz tutublar.
   Gildiyanın prezidenti Alan Rozenberq müqaviləni son dərəcə biabırçı adlandıraraq üzvlərini 2011-ci ilə hazırlaşmağa çağırıb. Xatırladaq ki, Gildiya ötən il 100 gün ərzində tətil edib. Nəticədə Hollivudda filmlərin çəkilişi iflic olub.